Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində 24-cü Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisinin açılış mərasimində iştirak edib, bir sıra dövlət və özəl sektor qurumları ilə görüşlər keçirib.
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, Çin Dövlət Şurasının Baş nazirinin müavini He Lifeng və digər dövlət qurumlarının nümayəndələri ilə "dəyirmi masa"da iki ölkənin suveren sərvət fondlarının birgə fəaliyyəti üçün mövcud olan imkanlar, potensial tərəfdaşlıq sahələri, eləcə də investisiya tədbirləri çərçivəsində davamlı inkişaf və yaşıl enerji təcrübələrinin tətbiqinə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində həmçinin Çin İnvestisiya Korporasiyası sədrinin müavini Liu Haolinq, “Blackstone” investisiya qrupunun prezidenti Conatan Qrey, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flatt, Çin Xalq Bankının sədr müavini Xuan Changneng, Çinin “China Energy Engineering Corporation”, “CATL”, “HiTHIUM” və digər sənaye və enerji şirkətlərinin rəhbər nümayəndələri ilə görüşlər keçirilib və ARDNF-nin sözügedən qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və investisiya perspektivləri müzakirə olunub.