Yeni il ilə əlaqədar olaraq supermarketlər şəbəkələrinin əksəriyyəti məhsullarının qiymətlərinə endirim ediblər. FED.az yeni il münasibətilə məhsullarına endirim edən supermarketlər şəbəkələrində tətbiq edilən endirim faziləri ilə maraqlanıb.
Gələn il 5 filial açılacaq – “Bolmart”
Bakıda və regionlarda ümumi olaraq 10 filial şəbəkəsi olan “Bolmart”da yeni il ilə əlaqədar olaraq qida məhsulları 10%-dən 25%-dək endirimlə satılır. Kampaniya çərçivəsində hədiyyəli məhsullar da təqdim olunur. Marketlər şəbəkəsindən saytımıza bildirdilər ki, bu endirim kampaniyası yanvarın 3-nə qədər davam edəcək.
Qeyri-qida məhsullarına da yaxın günlərdə endirim olunacağı gözlənilir. Şəbəkədən verilən məlumata görə, gələn il “Bolmart” daha 5 filialı fəaliyyətə başlayacaq. Yeni filialların açılışı yanvar və fevral aylarına nəzərdə tutulur.
Endirimdən əlavə, hədiyyəli məhsullarda var – “BazarStore”
“Bazarstore” supermarketlər şəbəkəsində isə qida və qeyri-qida məhsulları 10%-dən 30%-dək endirimlə satılır. Saytımıza bildirdilər ki, bu kampaniya yanvarın 2-nə qədər davam edəcək. Kampaniyaya hədiyyəli məhsullar da daxidir.
Bu supermarketin Bakı və Sumqayıtda ümumi 20, regionlarda isə 6 filial şəbəkəsi fəaliyyət göstərir.
65%-dək endirim – “Araz”
“Araz” supermarketlər şəbəkəsində isə Yeni il münasibətilə qida və qeyri-qida məhsullarına 20%-dən 65%-dək endirim edilir. Bu endirim kampaniyası “Araz” supermarketlər şəbəkəsinə aid “Araz”, “Spar” və “Favorit” marketlərində eyni şəkildə tətbiq olunur. Bu endirim kampaniyası dekabr ayının 31-nə qədər davam edəcək.
19 manata mobil telefon – “OBA”
“OBA” supermarketlər şəbəkəsində də məhsullar yeni il münasibətilə endirimlə satılır. Belə ki, burada qida və qeyri-qida məhsullarına 10%-dən 19%-dək endirim olunur. Bu kampaniya da 31 dekabr tarixinə qədər davam edəcək.
Endirimlər dekabrın 31-nə qədər davam edəcək – “Makromart”
“Makromart” supermarketlər şəbəkəsində isə həm qida, həm də qeyri-qida məhsullarına eyni dərəcədə, 10%-dən 40%-dək endirim olunur. Bu endirim kampaniyası dekabrın 31-nə qədər davam edəcək.
Qeyd edək ki, “Makromart”ın Bakıda 8, regionlarda da 8 olmaqla, ümumi 19 filialı fəaliyyət göstərir.
“Rahat” supermarketlər şəbəkəsini narahat etdiyimiz üçün “üzr istəyirik”...
Bu market hər zaman olduğu kimi bu dəfə də mediaya isformasiya verməkdən boyun qaçırır. Ötən günlərdə də marketlərin qiymət siyasəti ilə bağlı yazı hazırlayarkən də “Rahat” marketə e-mail vasitəsilə göndərdiyimiz sorğu da cavabsız qalmışdı. Hesab edirik ki, qiymət siyasətinin və kampaniyaların gizli saxlanılması bir marketin ən “rahat” paradoksal marketinq paradiqmasıdır.
19 manata mobil telefon – SUPERMARKETLƏRDƏ YENİ İL ENDİRİMLƏRİ
16:01
26 Dek 2017