Azərbaycanın aparıcı şərab istehsalçılarından olan «Göygöl-Şərab» ASC 2019-cu il üzrə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, 2019-cu ildə şirkətin cəmi aktivləri 7,7 milyon manat və ya 2 dəfədən çox artaraq 14,7 milyon manata yüksəlib. Artımın səbəbi şirkətin uzunmüddətli aktivlərinin kəskin böyüməsidir.
Şirkətin ötən il cəmi 28 min manat olan uzunmüddətli aktivləri 2019-cu ildə 145 dəfə artaraq 4,2 milyon manatı keçib.
Hesabatda bunun mənbəyi göstərilməsə də, bu artım şirkətin böyük avadanlıq və ya əmlak almasının, eləcə də əsas fondları yenidən qiymətləndirməsinin göstəricisi ola bilər.
Şirkətin qısamüddətli aktivlərində də artım var – o cümlədən nağd pul ehtiyatları 6,5 milyon manatdan 9,3 milyon manatia yüksəlib. «Göygöl Şərab»ın alacağı borclar isə 8,2 dəfə artaraq 2019-cu ilin sonuna 680 min manata yüksəlib.
Əvəzində şirkətin kapitalı 3 dəfəyə yaxın azalaraq 3 milyondan 1,2 milyon manata düşüb.
Bununla yanaşı, şərab müəssisəsinin öhdəlikləri də 3,5 dəfə artaraq 13,5 milyon manata çatıb.
Belə ki, şirkət ötən il əlavə 1,3 milyon manat kredit götğürüb və kreditor borrcları 2,7 milyon manatdan 4 milyon man6ata yüksəlib. Digər öhdəlikləri də 2 dəfədən çox artaraq 3,9 milyon manatdan 10,1 milyon manata çatıb.
Ötən il «Göygöl Şərab» satışlarını 2018-ci illə müqayisədə təxminən 3 dəfə artıraraq 4,4 milyon manatdan 12,9 milyon manata çatdırıb.
Maya dəyəri xərclərin çıxanda əməliyyat mənfəəti 1,3 milyon olub (2018-də 510 min manat idi). Vergiləri çıxandan sonra «Göygöl Şərab» 2019-cu ili 1 milyon 166 min manat xalis mənfəətlə başa vurub. Əvvəlki ilə bu rəqəm 408 min manat idi.
Cəmi 14,7 milyon aktivlərlə 1,3 milyon manat xalis mənfəətə çıxmaq pis göstərici deyil. Müqayisə üçün bildirək ki, 253 milyon manat aktivləri olan «Ziraat Bank Azərbaycan» 2019-cu ili cəmi 3,1 milyon manat mənfəətlə başa vurmuşdu.