Ölkənin maliyyə bazarlarında yaşanan son hadisələr həyəcan təbili çalmağa əsas verir.
Türk valyutası lirə, ilin əvvəlindən bəri ABŞ dollarına münasibətdə dəyərini 30% itirib.
Fond birjası 17 faiz və ya bəzi xarici sərmayədarların düşündüyü kimi dollarla hesablasaq, 40% aşağı enib.Bazarlarda izlənilən digər ölçü hökumətin borc xərclərinə münasibətidir.
Yerli məzənnə üzrə 10 illik kreditin illik faizi artıq 18-ə bərabərdir. Hətta dollarla borc almaq belə bahadır: 7%.
Bəs nə baş verir?
Borc təhlükəsi
Türkiyənin beynəlxalq ticarətdə kəsiri mövcuddur. Ölkədə idxalat ixracatdan daha çoxdur. Və ya başqa sözlə, qazandığından daha çox xərcləyir. Bu kəsir ya xarici investisiya, ya da borc vasitəsilə maliyyələşdirilə bilər.
Əslində bu nə qeyri-adi, nə də təhlükəli olmamalıdır. Lakin Türkiyənin kəsiri olduqca böyükdür: ötən il bu, milli gəlir və ya ÜDM-dən 5,5% çox olub.
Türkiyənin xarici borcunu daha da həssas göstərən iki xüsusiyyət də var.
Birincisi, yaxın gələcəkdə ödənilməli yüksək dərəcədə borc mövcuddur. Maliyyə bazarlarının təbirincə desək, borc yenindən maliyyələşdirilməlidir. Kredit reytinq agentliyi Fitch, Türkiyənin bu il üçün ümumi maliyyə ehtiyaclarının 230 milyard dollar olduğunu təxmin edir.
İkincisi, əksər türk şirkətləri borclarını xarici valyuta ilə götürüblər. Milli valyuta aşağı düşərsə - ki bu, artıq baş verib - borcları ödəmək daha da bahalaşacaq.
Məzənnənin zəifliyi Türkiyədəki inflyasiya problemini də kəskinləşdirir. Zəif lirə idxalın bahalı olacağı mənasına gəlir.
Mərkəzi bankın inflyasiya hədəfi 5 faizdir. Bir il əvvəl inflyasiya 10% göstərici ilə hədəfdən ikiqat yuxarı olub. O vaxtdan bəri vəziyyət daha da qarışıb və qiymətlər illik 15% şəklində yuxarı qalxır.
Maliyyə bazarları sərmayəçiləri də prezident Erdoğanın iqtisadi siyasəti ilə bağlı narahatdırlar və görünür ki, təzyiq ölkənin mərkəzi bankı üzərində cəmlənir.
İnflyasiyanı azaltmağa çalışan mərkəzi bank üçün açıq-aydın siyasət variantı mövcuddur - artan faiz dərəcələri.
Bu isə inflyasiyanı iki yolla cilovlaya bilər. Evdəki tələbatı azaldaraq və Türkiyədəki maliyyə xeyrini artırıb sərmayədarları lira almağa həvəsləndirərək. İkinci halda məzənnə güclənər və idxal xərcləri azalar.
Türkiyə mərkəzi bankı bənzəri bir neçə addım atsa da, heç biri problemə uzunmüddətli təsir edə bilməyib.
ABŞ münasibətləri
Bazarları narahat edən şey, prezidentin hamıya tanış və bir çox iqtisadçıların azməlumatlı adlandıracağı yüksək faizə qarşı əks münasibətidir. O, özünü yüksək faiz dərəcəsinin düşməni sayır.
Nəticədə sərmayəçilər mərkəzi bankın məzənnəni stabilləşdirmək və inflyasiyanı nəzarət altına salmaq niyyətinə inanmırlar. Əksinə onlar, Türkiyədə maliyyə aktivlərinə qarşı daha diqqətli olmağa başlayırlar.
Etibarı sarsıdan başqa bir məqam Türkiyənin Birləşmiş Ştatlar ilə gərgin münasibətləridir.
Türkiyə amerikalı yevangelist bir pastoru həbs edib və ölkələrin Suriya barədə yanaşmaları da müxtəlifdir. Bundan əlavə, ABŞ Türkiyənin inkişaf etməkdə olan ölkələrin ABŞ bazarına rüsumsuz girişini təmin edən proqrama uyğunluğunu hələ nəzərdən keçirir.
Türkiyə eyni zamanda, ABŞ-da baş verən hadisələrdən də risk altındadır. Federal Ehtiyat faiz dərəcələrini artırmağa davam edir və bu da investorların inkişaf etməkdə olan bazarlardakı pulu geri götürməsinə səbəb olur. Təsir bir o qədər hiss olunmasa da, Türkiyə kimi başqa problemləri olan ölkələr üçün bu, potensial kəskinləşdirici faktorlardandır.
Bəzi hallarda Türkiyə iqtisadiyyatının son vəziyyəti qənaətbəxş görünür. 2001 (BVF-nun xilasa yetdiyi ölkənin sonuncu iqtisadi böhranı) və 2009-cu ildən (qlobal iqtisadi böhrandan sonra) başqa, əsrimizin hər ilində ölkənin iqtisadiyyatı böyüyüb. Bəzi illərdə inkişaf kifayət qədər güclü olub.
İşsizlik son dərəcə yüksək olsa da, - son rəqəmlər 9.9% göstərir - iqtisadiyyat nisbətən stabil olub.
Əsrin əvvəlində ölkənin yaşadığı iqtisadi böhran ilə müqayisədə bir mühüm ayrılıq var: 2001-ci ildən fərqli olaraq, məzənnə hədəfi yoxdur.
O zaman məzənnə bazarlarındakı təzyiq Türkiyəni hədəfləri buraxmağa məcbur edirdi. İndi isə heç bir məzənnə asılılığı olmadığına görə, lirənin qiymətsizləşdirilməsinə yol verilib.
Yeri gəlmişkən, kredit reytinqi agentliyi Moody-ə görə, xərclər və vergi siyasəti sayəsində iqtisadi inkişaf, davamlı olmayan şəkildə daha da çiçəklənib.
Seçki siklini nəzərə alsaq, uzunmüddətli inkişaf üçün siyasətlərin bir qırağa qoyulduğunu görərik.
Fitch isə kəskin yavaşlama və hətta tənəzzülün artımı mənasında iqtisadiyyatın zəifləmə riski xəbərdarlığını edir.
bbc.com/azeri