İqtisadiyyat

“Şevron”un "Əsrin Müqaviləsi"ndən çıxmasına BP-dən – MÜNASİBƏT

“Şevron”un "Əsrin Müqaviləsi"ndən çıxmasına BP-dən – MÜNASİBƏT | FED.az
21:04 5 Dek 2018

ABŞ-ın “Şevron” enerji korporasiyasının və onun rəqibi “Exxon Mobil” şirkətinin də Azərbaycanda iri neft-qaz layihəsini tərk etməyə hazırlaşması ilə bağlı məlumata BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns münasibətini açıqlayıb.
 
ELƏCƏ DƏ BAX: BP-də işləyən azərbaycanlıların sayı və vəzifələri – AÇIQLANDI 
 
FED.az-ın məlumatına görə, Qari Couns BP rəhbərliyinin indiki mərhələdə bu informasiyalara şərh vermək istəmədiyini bildirib.
 
Şirkətlərin layihənin operatoru olan BP-yə bu barədə hər hansı bir xəbərdarlıq etməsinə gəlincə isə, Q.Couns qeyd edib ki, “belə belə bir tələb yoxdur ki, indiki mərhələdə onlar bizə nəsə bildirsinlər”.
 
BP şirkətinin pay almaqda maraqlı olub-olmadığına gəlincə, indiki mərhələdə bu  barədə danışmaq tez olduğunu vurğulayıb.
 
“Operator olaraq layihələrimizdən çox məmnunuq. Hesab edirik ki, “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” də hamısı dünya səviyyəli layihələrdir. Biz onlara investisiya qoymuşuq və bundan sonra da qoymaqda davam edəcəyik”.
 
Qeyd edək ki, “Şevron”un Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağında payını (9,57%) və Xəzər neftini Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəmərində olan 8,9 faizlik payını da satmaq niyyəti barədə məlumatlar yayılıb.
 
“Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
 
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı idi, ancaq 2017-ci il sentyabrın 20-də Bakıda “Azəri-Çıraq-Günəşli” neft yatağının 2050-ci ilədək işlənməsi ilə bağlı yeni müqavilə imzalanıb.
 
Konsorsium iştirakçıları arasında BP (Böyük Britaniya, layihənin operaotru, 30,37%), SOCAR (Azərbaycan, 25%), “Şevron” (ABŞ, 9,57%), INPEX (Yaponiya, 9,31%), “Equinor” (Norveç, 7,27%), “Exxon Mobil” (ABŞ, 6,79%), TPAO (Türkiyə, 5,73%), ITOCHU (Yaponiya, 3,65%) və “ONGC Videsh Ltd” (Hindistan, 2,31%) var.

Digər xəbərlər