İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC 2019-cu ili 17 milyon 776 min manat zərərlə başa vurub.
Eləcə də bax: Azərbaycanda ən böyük zərər və mənfəətlə işləyən – DÖVLƏT ŞİRKƏTLƏRİ – SİYAHI
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 47,4% azdır.
Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 9,1% artaraq 212 milyon 991 min manata çatıb.
Ötən il "Təmiz Şəhər"in əməliyyat gəlirləri 4 milyon 820 min manat (əvvəlki ilə nisbətən 6,5% çox), əməliyyat xərcləri 21 milyon 279 min manat (28,3% az), əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi üzrə zərəri 9 milyon 457 min manat (26% az), maliyyə aktivləri, debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirləri 8 milyon 123 min manat (2,1 dəfə çox), digər gəlirləri isə 16 min manat (9,7% çox) təşkil edib.
Xatırladaq ki, "Təmiz Şəhər" 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 9,15 milyon manatdır. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.(Report)