“2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 milyard 192 milyon manat olsa da, cari xərclər 21 milyard 343 milyon manat olub. Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır. 2024-cü ildə baş tutmuş 9 milyard 845 milyon manatlıq dövlət satınalmasının 5 milyard 355 milyon manatı, yəni, yarıdan çoxu, daha dəqiqi 54.4 faizi bir mənbədən satınalma olub.
Digər tərəfdən, dövlət satınalmaların cəmi 43.4 faizi açıq tender yolu ilə həyata keçirilib. Yəni, ötən il dövlət satınalmalarına çıxarılan hər 100 manatdan sadəcə 43 manatı açıq tender yolu ilə təqdim olunub. Xərclər bölümündə bir sıra istiqamətlər daha çox diqqəti cəlb edir. Azərbaycanda insan kapitalının inkişafının prioritet elan olunmasına rəğmən 2024-cü ildə elm xərclərinə proqnozlaşdırılandan 38.9 milyon manat az vəsait ayrılıb. Bu proqnoza nisbətən 16.5 faiz az xərcləmə deməkdir. Bu eyni zamanda o deməkdir ki, Azərbaycanda elm xərclərinin ÜDM-də payı cəmi 0.2 faizdir. Elm xərclərinin ÜDM-də payı Rusiyada 1.0, Türkiyədə 1.1 faiz, dünya üzrə ortalama 2.2 faizdir. Deməli, bir sıra qonşu və eləcə də qlobal ortlama ilə müqayisədə ÜDM nisbətində elmə daha az vəsait ayrılır”, - deyə deputat bildirib.
Parlamentari əlavə edib ki, ötən il ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 485 milyon manat vəsait sərf edilib ki, bu da 2023-cü illə müqayisədə 28,0 milyon manat və ya 6,1 faiz çoxdur:
“Aqrar sektora ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi birbaşa subsidiyalara yönəldilir. Fermerlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi olduqca müsbət haldır və kənd təsərrüfatında dövlət dəstəyini nümayiş etdirir. Bununla yanaşı, hələ də ÜDM-in cəmi 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşür. Bu baxımdan subsidiyaların gəlir effektinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı.
Bundan başqa, 2024-cü ildə 55 publik hüquqi şəxsə dövlət büdcəsindən 958,5 milyon manat məbləğində vəsait ödənilib ki, bu da 2023-cü illə müqayisədə 516,4 milyon manat və ya 2,2 dəfə çoxdur. Bu o deməkdir, 55 publik hüquqi şəxsə ödənilən vəsait artıq 1 milyard manata yaxınlaşır və bu baxımdan bu vəsaitlərin də səmərəlliyinin qiymətləndirilməsi və gəlir effektinin hesablanması məqsədəuyğundur.
2024-cü ildə də ənənəvi olaraq büdcə xərcləmələrində sonuncu rübün və eləcə də dekabr ayının, yəni sonuncu ayın payı müqayisəli olaraq çoxdur. Ötən il büdcə vəsaitinin 17.7 faizi, yəni 6 milyard 674 milyon manat ilin sonuncu ayında xərclənib. Bu isə vəsaitlərin aylar üzrə diferensial səmərəliyini məsələsini daha da aktuallaşdırır. Eyni zamanda, aylar üzrə proqnozlaşdırma ilə icra arasında da əhəmiyyətli kənarlaşmalar müşahidə edilib və bu da fiskal poqnozlaşdırmanın metodologiyasına yenidən baxılmasını da prioritetləşdirir”, - deyə deputat bildirib.