"Özbəkistan pambıq klasterləri üzrə təcrübəsini Azərbaycanla bölüşə və Qarabağda pambıqçılığın ənənəvi sahələrdən biri kimi inkişafına kömək edə bilərik".
FED.az xəbər verir ki, bunu Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 2-ci iclasında Özbəkistan Ticarət Sənaye Palatasının sədri və Şuranın Özbəkistan tərəfdən həmsədri Adham İkramov deyib.
Eləcə də bax: Azərbaycana “ağ qızıl”dan gələn valyuta - 200 Milyon Dolları Keçib
A. İkramov ticarət dövriyyəsinin yüksəlməsi və qarşılıqlı investisiya qoyuluşları ilə əlaqədar öz təkliflərini səsləndirib: "Azərbaycan sahibkarlarına hər cür dəstək verməyə hazırıq".
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti və Şuranın Azərbaycan tərəfdən həmsədri Məmməd Musayev hər iki ölkə başçısı arasında çox yüksək və isti münasibətlərin olduğunu, eləcə də xalqlarımızın dostluğunun biznes əlaqələrinə də müsbət təsir göstərdiyini bildirib. Belə ki, Azərbaycanla-Özbəkistan arasında ticarət dövriyyəsi son bir ildə artan dinamika göstərərək 8 milyon ABŞ dollara yüksəlib.
O, türkdilli ölkələrin inteqrasiyasında Azərbaycanın mühüm nəqliyyat koridoru funksiyasını daşıdığını vurğulayıb və Zəngəzur dəhlizinin böyük perspektivləri, Qarabağ torpaqlarının iqtisadi imkanları haqqında geniş məlumat verib.
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, eləcə də Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ölkələrimiz arasında möhkəm diplomatik əlaqələrin mövcud olduğunu vurğulayaraq, iş adamlarına dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
ASK-nın vitse-prezidenti, “Cahan Holding”in prezidenti Vüqar Abbasov ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımlarına diqqət çəkib. O, Qarabağın iqtisadi inkişafının Özbəkistan investorları üçün böyük imkanlar açdığını söyləyib və bununla bağlı iş adamlarının yanında olduğunu bildirib.
“Uztekstilprom” Assosiasiyasının sədr müavini Baxtiyor Muhammadsaidov, Özbəkistanın tekstil sənayesi, “Uzçarmsanoat” Assosiasiyasının İdarə Heyətinin sədri Şuxrat Aliyev isə dəri emalı sənayesinin inkişafı və əldə olunan uğurlar barədə təqdimatlarla çıxış ediblər.
Azərbaycan Bank Tədris Mərkəzinin sədri Cavanşir Abdullayev maliyyə sektoru sahəsində təcrübələrin bölüşdürülməsi üçün qrafik hazırlanmasını və konsaltinq şirkətləri arasında daimi konsorsiumun yaradılmasını təklif edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm müəssisələri ilə İş Komissiyasının sədri Ruslan Quliyev ölkələrimizin turizm potensialının qarşılıqlı tanıtımı, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan sahibkarların bazara çıxışı üçün imkanlar ətrafında çıxışlar ediblər. “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov isə maşınqayırma sənayesində Özbəkistanla Azərbaycan əməkdaşlığı nəticəsində əldə olunan uğurlar haqqında iştirakçılara məlumat verib.