2022-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı barədə məlumatlar açıqlanıb.
Eləcə də bax: Naxçıvanda orta aylıq əmək haqqı - 3% ARTIB
Muxtar respublikada cari ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 570 milyon 384 min 400 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 1231,4 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,8 faiz təşkil etmişdir.
FED.az bildirir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk rübündə sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük daşınması 1,4 faiz, informasiya və rabitə xidmətləri 2,8 faiz artmışdır.
Sənaye
Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada 263 milyon 789 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,5 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 92,8 faizi malların, 7,2 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,8 faiz təşkil etmişdir.
2022-ci ilin ilk rübündə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 33 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 51 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-mart aylarında 6 milyon 122 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 30,3 faiz çoxdur.
Kənd təsərrüfatı
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” nın icrası diqqətdə saxlanılmış, cari ilin ilk rübündə 1 istixana təsərrüfatının yaradılması, 4 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 2 soyuducu anbarın yaradılması davam etdirilmişdir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-mart aylarında 69 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2022-ci ilin ilk rübündə 31 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 3 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7836,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2022-ci ilin ilk rübündə də diqqətdə saxlanılmış, 24 heyvandarlıq təsərrüfatının yaradılması, 4 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2022-ci ilin yanvar-mart aylarında 3 milyon 726 min 100 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 8,4 faiz çoxdur.
2022-ci ilin yanvar-mart aylarında heyvandarlıq təsərrüfatlarında 2304 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 2987 baş sağlam bala alınmışdır.
Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradır.
1 aprel 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 127 min 269 baş, qoyun və keçilərin sayı 801 min 228 baş olmuşdur ki, bu da 1 aprel 2021-ci il tarixə olan göstəriciləri 1,6 və 2,2 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilir.