2022-ci ildə nağdsız valyuta bazarında aparılan əməliyyatların həcmi 2021-ci ilə nəzərən 13,9 faiz artaraq 31,7 milyard ABŞ dolları ekvivalentində olub.
FED.az Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, ötən il nağdsız valyuta əməliyyatlarının 83,4 faizi dollarda, 16,6 faizi isə digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 28,6 faizi banklararası valyuta bazarında (BVB), 71,4 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Hesabat ilində BVB-də əməliyyatların həcmi 9,6 faiz artaraq 9 milyard dollar ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 99,1 faizi dollarla aparılıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 22,6 milyard dollar ekvivalentində olub ki, bu da 2021-ci ilə nəzərən 15,8 faiz çoxdur. Əməliyyatların 77,1 faizini dollar ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alğı-satqısı üzrə aparılan əməliyyatların həcmi son bir ildə 27 faiz artaraq 5,1 milyard dollar ekvivalentində olub. Bunun 85,7 faizini dollarla aparılan əməliyyatlar təşkil edib. 2022-ci ilin aprel ayından başlayaraq ilin sonuna qədər xarici valyutanın alışının satışından yüksək olması hesabına xalis xarici valyuta satışı 2021-ci ilə nəzərən 5 dəfə azalıb.