Dekabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında məsələyə baxılıb.
Milli Məclisdən FED.az-a bildirilib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Vüqar Emin oğlu İbrahimovun Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.
Tahir Mirkişili son illərdə Milli Məclis ilə Hesablama Palatası arasında peşəkar əlaqələrin inkişaf etdiyini qeyd edib, həm dövlət büdcəsi layihələrində, həm onların icrasında, həmçinin qanun layihələrinə rəy verilməsi sahəsində parlamentlə palata arasında səmərəli əlaqələrin qurulduğunu vurğulayıb. Hesablama Palatasının fəaliyyətində mühüm keyfiyyət dəyişiklikləri baş verdiyini deyən komitə sədri palatanın qarşısında duran çağırışlar, bu çağırışlara cavab vermək üçün görüləcək işlərdən danışıb.
Komitə sədri qeyd edib ki, 2007-ci ildən Hesablama Palatasında şöbə müdiri və aparat rəhbəri vəzifələrində çalışan Vüqar İbrahimov palatanın auditoru kimi də yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.
İclasda çıxış edən komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Mahir Abbaszadə, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev, İqbal Məmmədov və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi ilə bağlı fikirlərini bölüşüblər.
Deputatlar Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyini təqdirlə qarşılayıblar, ona Palatada bundan sonra auditor kimi fəaliyyətində uğurlar arzulayıblar, təklif və tövsiyələrini diqqətə çatdırıblar.
İclasda Vüqar İbrahimov deputatlara namizədliyini dəstəklədikləri üçün təşəkkür edib və ona göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib.
Fikir mübadiləsinin yekununda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Vüqar İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması barədə təqdimatı məqsədəuyğun hesab edib və məsələ baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.