İqtisadiyyat naziri Mikayıl Cabbarov son aylar Azərbaycanda iqtisadi artımın zəifləməsi, yanvar-may aylarının nəticəsində isə artımın ümumiyyətlə dayanmasının səbəbini açıqlayıb.
Azərbaycanda iqtisadi artım dayanıb – RƏSMİ MƏLUMAT - RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nazir bu barədə İTV və Azərtac-a müsahibəsində bildirib.
FEF.az xatırladır ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı qeydə alınmayıb. Dövlət Statistika Komitəsi açıqlayıb ki, yanvar-may aylarında ölkədə ÜDM-in həcmi 51 milyard 783,8 milyon manat təşkil edib və 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə dəyişməyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirirb ki, Azərbaycan iqtisadiyyatında ilin ilk dörd ayında artım templərinin gözləntilərdən nisbətən aşağı olması əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin vaxtının dəyişdirilməsi ilə bağlıdır. Nazirin sözlərinə görə, icra olunmalı olan bir sıra dövlət investisiyaları ilə bağlı fəaliyyət, o cümlədən tikinti işləri növbəti mərhələdə həyata keçiriləcək.
“İlin dörd ayında gördüyümüz dinamika ondan ibarətdir ki, bir sektorda kəskin azalma müşahidə edirik. Bu da tikinti sektorudur. Vurğulamaq istəyirəm ki, bu, daha çox özəl tikintinin azalması ilə deyil, dövlət tərəfindən həyata keçirilən investisiya layihələrinin vaxtının dəyişdirilməsi ilə bağlıdır”, - deyə Mikayıl Cabbarov qeyd edib.
Nazir bildirib ki, hökumət bu prosesin səbəblərini anlayır və onun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu müəyyən edib. Onun sözlərinə görə, bu istiqamətdə aidiyyəti qurumlarla, xüsusilə maliyyə-iqtisadi blokda fəaliyyət göstərən qurumlarla birgə iş aparılır.
Mikayıl Cabbarov qeyd edib ki, tikinti sektorunda azalma müşahidə olunsa da, qeyri-neft-qaz sektorunun digər sahələrində artım qeydə alınır. Neft-qaz sektorunda isə ilin ilk dörd ayında azalma baş verib.
“Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib. Bunu 2025-ci ildə də gördük. Daha uzun dövrü götürsək, 2021-2025-ci illərdə bu sektorda orta illik artım 6 faiz, 2022-2025-ci illərdə isə 5,7 faiz təşkil edib”, - nazir bildirib.
Onun sözlərinə görə, bu göstəricilər dünya iqtisadiyyatı, inkişaf etməkdə olan ölkələr və yuxarı orta gəlirli ölkələrlə müqayisədə qənaətbəxşdir. Nazir qeyd edib ki, müvafiq dövrdə dünyada iqtisadi artım 3 faiz, inkişaf etməkdə olan ölkələrdə 3,8 faiz, yuxarı orta gəlirli ölkələrdə isə 3,9 faiz təşkil edib.
Mikayıl Cabbarov bildirib ki, ilin ilk dörd ayında qeyri-neft-qaz iqtisadiyyatının bir sıra sahələrində müsbət dinamika müşahidə olunur. İnformasiya və rabitə sektorunda artım 9 faizə yaxın, qeyri-neft-qaz sənayesində 7,8 faiz, nəqliyyatda 4,5 faiz, ticarətdə isə 3,7 faiz olub.
Nazirin sözlərinə görə, ilin sonuna qədər əsas diqqət məlum səbəblərin aradan qaldırılmasına, xüsusilə tikinti sektorunda fəaliyyətin canlandırılmasına yönəldiləcək. Bu istiqamətdə həm dövlət, həm də özəl sektor üzrə tədbirlər hədəflənir.
Mikayıl Cabbarov turizm sektorunda artım templərinin yavaşladığını da qeyd edib. O bildirib ki, Yaxşın Şərqdə münaqişələrin nəticələri turizm sektorundan da təsirsiz ötüşmür və bu sahədəki vəziyyət daha çox regionda baş verən proseslərdən asılı olacaq.
Nazir əlavə edib ki, digər sahələrdə artım templərinin sürətləndirilməsi üçün ciddi maneə görünmür.
“Qeyri-neft-qaz ixracının sürətlə artırılması davam edir. İlin dörd ayında bu istiqamətdə 17 faizdən yuxarı artım tempi görürük və bunu müsbət hal kimi qiymətləndiririk”, - deyə Mikayıl Cabbarov vurğulayıb.
Mikayıl Cabbarov qeyd edib ki, son aylarda neft-qaz qiymətlərinin yüksək olması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Bununla belə, nazir gəlirlərlə iqtisadi artım tempinin tam eyniləşdirilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, bu göstəricilər arasında müəyyən əlaqə olsa da, hər zaman birbaşa bağlılıq mövcud deyil.














