Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində 9 layihənin həyata keçirilməsi üzrə təxminən 1,1 milyard manat investisiya nəzərdə tutulur.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, bu layihələrdən 4-ü üzrə kapital xərcləri 643 milyon manat təşkil edir: "Bu 4 layihə su təchizatı, təhsil, ekologiya və nəqliyyat sahələrini əhatə edir. Layihələrdən biri Hövsan aerasiya stansiyasının (TSTQ) təmiri və tullantı sularının təkrar emalı qurğularının quraşdırılması ilə bağlıdır. Bu layihə üzrə kapital xərclərinin 240 milyon manat olacağı gözlənilir. Dövlət tərəfdaşı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. 2-ci layihə Bakı şəhərində elmi-texnoloji parkın inşasını və idarə edilməsini nəzərdə tutur. İkinci və üçüncü mərhələləri əhatə edən layihəyə 156 milyon manat investisiya ayrılması planlaşdırılır. Layihənin dövlət tərəfdaşı Elm və Təhsil Nazirliyidir".
T.Vüsət əlavə edib ki, 3-cü layihə Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi ilə bağlıdır: "Bu istiqamətdə kapital xərclərinin 221 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Layihənin dövlət tərəfdaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. 4-cü layihə isə TIR parklarının yaradılmasını əhatə edir. Bu layihə üzrə 26 milyon manat investisiya nəzərdə tutulur. Dövlət tərəfdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir".














