"Hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın "BP", eləcə də Çinin və digər ölkələrin şirkətləri ilə irimiqyaslı günəş və külək elektrik enerjisi layihələri həyata keçirilir".
Nazir: Azərbaycanda 2028-ci ildən bərpa olunan enerji üzrə yeni rəqabətli hərraclar keçiriləcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "III Milli Rəqabət Forumu"nda deyib.
Onun sözlərinə görə, eyni zamanda yerli şirkətlərin iştirakı da genişlənir:
"Socar Green"in yaşıl enerji layihələrinə qoşulması, həmçinin Cəbrayılda və Naxçıvanda ümumi gücü 150 meqavat olan 4 stansiyanın yerli investorlar tərəfindən reallaşdırılması buna nümunədir".
Nazir qeyd edib ki, 2027-ci ilin sonunadək birinci mərhələ çərçivəsində ümumi gücü təxminən 2 giqavat olan 11 stansiyanın istismara verilməsi başa çatacaq:
"Bu layihələrə özəl investisiyaların 2 milyard, dövlət investisiyalarının isə 600 milyon ABŞ dolları ötəcəyi gözlənilir.
Ümumilikdə imzalanmış müqavilələr əsasında 2032-ci ilə dək ölkəmizdə təxminən 8 giqavat günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır. Bu layihələrin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm veririk".
"2024-cü ildə COP29 çərçivəsində keçirilən Azərbaycanın ilk bərpaolunan enerji hərracının qalibi olan Çinin "Universal International Holdings Limited" şirkəti tərəfindən inşa edilən 100 meqavat gücündə Qobustan günəş elektrik stansiyası bu yaxınlarda istifadəyə verilib", - deyə o, əlavə edib.













