Azərbaycanda 2028-ci ildən bərpa olunan enerjinin inkişafının növbəti mərhələsində rəqabətli hərracların keçirilməsi planlaşdırılır.
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın BP, eləcə də Çin və digər ölkələrin şirkətləri ilə 20-yə yaxın irimiqyaslı günəş və külək enerjisi layihəsi həyata keçirilir.
O qeyd edib ki, 2027-ci ilin sonunadək birinci mərhələ çərçivəsində ümumi gücü təxminən 2 QVt olan 11 stansiyanın istismara verilməsi başa çatacaq.
“Bu layihələrə özəl investisiyaların 2 milyard ABŞ dollarını, dövlət investisiyalarının isə 600 milyon ABŞ dollarını ötəcəyi gözlənilir”, – deyə nazir bildirib.
P.Şahbazov əlavə edib ki, yerli şirkətlərin də bərpa olunan enerji layihələrində iştirakı genişlənir. SOCAR-ın bir sıra yaşıl enerji layihələrinə qoşulması, həmçinin Cəbrayıl və Naxçıvanda ümumi gücü 150 MVt olan 4 stansiyanın yerli investorlar tərəfindən reallaşdırılması buna nümunədir.
Nazir bildirib ki, 2024-cü ildə COP29 çərçivəsində keçirilmiş Azərbaycanın ilk bərpa olunan enerji hərracının qalibi olan Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən inşa edilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası bu yaxınlarda istifadəyə verilib.
Onun sözlərinə görə, ümumilikdə imzalanmış müqavilələr əsasında 2032-ci ilədək ölkədə təxminən 8 QVt günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır.
P.Şahbazov vurğulayıb ki, bərpa olunan enerji sahəsinə investisiyaların cəlbi üçün investorların rəqabətli hərraclar və birbaşa cəlbetmə yolu ilə seçilməsi, dövlət təminatları və digər təşviq mexanizmləri tətbiq olunur. (Apa)













