Müəllif: Aygül Fərzalıyeva
Son illər ekoloji tarazlığın qorunması və davamlı inkişaf prinsipləri dünya iqtisadiyyatının əsas prioritetlərinə çevrilib. İqlim dəyişikliyi, su və enerji resurslarının məhdudluğu, meşələrin azalması, hava çirkliliyi və ümumilikdə tarazlığın pozulması kimi problemlər yalnız ekoloji deyil, həm də iqtisadi və sosial sferada ciddi nəticələrə səbəb olur. Bu səbəbdən yaşıl iqtisadiyyatın tətbiqi getdikcə daha vacib hala gəlir.
Dünya təcrübəsi göstərir ki, yaşıl iqtisadiyyat ətraf mühitin qorunması ilə yanaşı, iqtisadi artımı və sosial rifahı təmin edən bir modeldir. Almaniya, İsveç və Danimarka bu sahədə qabaqcıl nümunələrdir. Məsələn: Almaniyada 2019-cu ildə bərpa olunan enerji mənbələri ümumi elektrik istehsalının ≈ 46%-ni təşkil edib, İsveçdə 2020-ci ildə bu göstərici ≈ 68.5%, Danimarkada isə ≈ 68% olub. Bu rəqəmlər göstərir ki, yaşıl enerji siyasəti inkişaf etmiş ölkələrin iqtisadiyyatında mərkəzi rol oynayır, karbon emissiyalarını azaldır və yeni iqtisadi imkanlar yaradır.
Yaşıl iqtisadiyyatın uğuru yalnız enerji resurslarının diversifikasiyası ilə məhdudlaşmır. Rəqəmsal texnologiyalar, “ağıllı şəbəkələr”, enerji idarəetmə sistemləri, elektrikli və hibrid nəqliyyat vasitələrinin tətbiqi, dairəvi iqtisadiyyat çərçivəsində tullantıların təkrar istifadəsi, bioqalıqlardan enerji istehsalı və su itkisinin qarşısının alınması mühüm rol oynayır. Kənd təsərrüfatında damcı suvarma sistemləri, bioloji gübrələr və ekoloji təmiz istehsal metodları həm məhsuldarlığı artırır, həm də ətraf mühitə düşən yükü azaldır. Bu yanaşmalar həm iqtisadi, həm də sosial sahələrdə yeni imkanlar yaradır, eyni zamanda enerji xərclərini azaldır.
Davamlı inkişaf prinsipləri əsasında idarə etmədə texnologiyaların rolu həlledicidir. 2020-yə qədər dünya ölkələri bir sıra texnologiyaları geniş tətbiq etməyə başlamışdı:
- Bərpa olunan enerji texnologiyaları: Günəş panelləri (fotovoltaik sistemlər), külək turbinləri, kiçik hidroelektrik stansiyalar və biokütlə qurğuları enerji istehsalında geniş yayılmışdı. Günəş panellərinin qiymətinin 2010-2020 aralığında 80%-dən çox ucuzlaşması bu texnologiyanın sürətli yayılmasına səbəb olmuşdu.
- Enerji səmərəliliyi texnologiyaları: LED işıqlandırma, izolyasiya materialları, enerjiyə qənaətli məişət cihazları və istilik sistemləri enerji itkilərinin qarşısını almaq üçün geniş tətbiq olunurdu.
- “Ağıllı şəbəkələr” və rəqəmsal idarəetmə: Elektrik şəbəkələrinin rəqəmsallaşdırılması istehsal və istehlakın daha dəqiq balanslaşdırılmasına imkan verirdi. Bu texnologiyalar həm enerji itkilərini azaldır, həm də bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyasını asanlaşdırırdı.
- Nəqliyyatda yaşıl texnologiyalar: Elektrikli və hibrid avtomobillər, həmçinin ictimai nəqliyyatda sıxılmış təbii qaz (CNG) və bioyanacaq istifadəsi karbon emissiyalarının azaldılmasına xidmət edirdi. 2010-2020 dövründə elektrikli avtomobillərin bazar payı dünya üzrə sabit şəkildə artmışdı.
- Dairəvi iqtisadiyyat texnologiyaları: Plastik, kağız, metal və şüşənin təkrar emalı, bioqalıqlardan enerji istehsalı və suyun təkrar istifadəsi sahəsində yeni texnologiyalar geniş yayılmışdı.
- Kənd təsərrüfatı texnologiyaları: Damcı suvarma sistemləri, aqrodrone-lar vasitəsilə gübrələmə və monitorinq, bioloji gübrələrin istifadəsi kənd təsərrüfatının həm məhsuldarlığını, həm də ekoloji dayanıqlığını artırırdı.
Azərbaycanın Yaşıl İqtisadiyyat Təcrübəsi
Azərbaycan 2020-yə qədər bu texnologiyaların bəzilərindən istifadə etməyə başlamışdı. Xüsusilə:
- Günəş panellərinin tətbiqi üzrə pilot layihələr,
- Kiçik külək turbinləri ilə bağlı sınaqlar,
- Suvarmada damcı texnologiyalarının geniş tətbiqi həyata keçirilmişdi.
Bu addımlar ölkənin enerji təhlükəsizliyi, kənd təsərrüfatı məhsuldarlığı və ekoloji sabitliyi üçün mühüm rol oynayırdı.
Azərbaycan da dünya ölkələrinin təcrübəsindən faydalanaraq yaşıl iqtisadiyyatın inkişafı istiqamətində ciddi addımlar atmağa davam edir. 2020-ci ildə bərpa olunan enerji mənbələrinin ümumi enerji tədarükündəki payı ≈ 5.47%, elektrik istehsalında isə ≈ 5.1% olub. Hökumət 2030-cu il üçün bu göstəricini 30%-ə çatdırmağı hədəfləyib. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr ölkənin enerji diversifikasiyası və karbon emissiyalarının azaldılması strategiyasına xidmət edir, eyni zamanda yeni iş yerlərinin yaradılmasına və texnoloji inkişafın sürətlənməsinə şərait yaradır.
Yaşıl iqtisadiyyatın tətbiqi yalnız ekoloji faydalarla məhdudlaşmır; o, iqtisadi artımı təmin edir, yeni iş yerləri yaradır və sosial rifahı artırır. Almaniyada bərpa olunan enerji sektorunun inkişafı minlərlə yeni iş yeri açıb, İsveç və Danimarkada yaşıl sənayelərə yatırımlar iqtisadiyyatın mühüm hissəsinə çevrilib. Azərbaycan üçün də bu istiqamətdə həyata keçirilən yaşıl enerji layihələri, təmiz nəqliyyat və ekoloji kənd təsərrüfatı təşəbbüsləri iqtisadiyyatın diversifikasiyasına və sosial rifahın güclənməsinə mühüm töhfə verir.
Yaşıl iqtisadiyyat davamlı inkişafın əsas şərtlərindən biridir; o, yalnız ətraf mühitin qorunması deyil, həm də uzunmüddətli iqtisadi sabitlik və sosial rifah üçün vacibdir. Azərbaycan beynəlxalq nümunələri əsas götürərək dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı ilə bu sahədə rəqabətqabiliyyətliliyini artıra bilər. 2020-ci ilin göstəriciləri hələlik inkişaf etmiş ölkələrin səviyyəsindən geri qalsa da, 2030-cu ilə qədər dövlət proqramları çərçivəsində həyata keçiriləcək layihələr bu fərqlərin aradan qaldırılmasına imkan verəcək.
Mənbələr:
- Fraunhofer ISE. Electricity Generation from Renewable Energy Sources in Germany, 2019.
- Macrotrends. Sweden Renewable Energy Statistics 2020.
- Wikipedia. Wind Power in Sweden.
- Danish Energy Agency (ENS). Energy Statistics 2020.
- Macrotrends. Azerbaijan Renewable Energy Statistics 2020.
- International Energy Agency (IEA). Implementing a Long-Term Energy Policy Planning Process for Azerbaijan: A Roadmap.
- Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyi (AREA). Bərpa Olunan Enerji Mənbələri Haqqında.