Biznesin, real sektorun dəstəklənməsi iqtisadiyyatın inkişafı üçün ən önəmli faktorlardan biridir. Bu baxımdan mövcud problemlərin həlli, biznesin səsləndirdiyi təkliflərə diqqət yetirilməsi çox önəmlidir.
Eləcə də bax: ATİB: Azərbaycan banklarının kredit faizləri - ÇOX YÜKSƏKDİR
FED.az kiçik və orta biznes, onunla bağlı problemləri ilə bağlı Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yangının müsahibəsini təqdim edir:
- Cemal bəy, sizi yenidən ATİB sədri seçilməyiniz münasibətilə təbrik edirik. İki ölkə iş adamları birliyi olaraq ATİB böyük inkişaf yolu keçib. Necə hesab edirsiniz, hazırda iş adamlarını narahat edən hansı vacib məsələlər var?
- Əsas problemlərdən biri biznesin maliyyə resurslarına əlçatanlığı ilə bağlıdır. Azərbaycan banklarında kifayət qədər likvid vəsait var. Amma biznes üçün bankların kredit faizləri çox yüksəkdir. Xüsusilə, kiçik və orta biznesin bank kreditlərinə əlçatanlığı aşağıdır. Bundan əlavə, kreditlərin verilməsində girovla bağlı şərtlər çox ağırdır. Bu şərtləri yüngülləşdirmək lazımdır. Banklar girov arxasınca qaçmalı deyil, valideynlərdən qalan mirasa göz dikməli deyil, layihələrə maraq göstərməlidir, onlara dəstək verməlidirlər. Əgər layihə effetkivdirsə, layihənin büdcəsi, layihənin gəliri, biznes planı yetərlidirsə, girova ehtiyac olmamalıdır. Kiçik və orta biznesin sərmayəyə, maliyyə resurslarına ehtiyacı var və bu ehtiyac təmin edilməlidir.
- Cemal bəy, sözügedən layihələrin dəyəri nə qədərdir?
- Bunlar böyük, milyon manatlıq layihələr deyil, 50-300 min manatlıq layihələrdir. İqtisadi inkişaf, milyardlıq layihələrin deyil, əsasən bu kiçik biznes sahələrinin dəstəklənməsindən başlayır. Banklar layihələrə kredit ayırdıqda pulu alan iş adamı onu başqa yerə xərcləyə bilməz. Bank gözünün önündə pulun necə xərcləndiyini görür. Amma girov qarşılığında kredit verdikdə isə vəsaitin necə xərclənməsi onu narahat etmir və yaxud maraqlı olmur. Çünki artıq verdiyi kreditin zəmanəti var. Kiçik biznesin inkişafı böyük bizneslərin inkişafının ilkin mərhələsidir. Ona görə də kiçik bizneslərin dəstəklənməsi vacibdir. Banklarla danışdığım zaman da bu məsələni gündəmə gətirirəm. Bildirirəm ki, sizin əsas işiniz layihələrin kreditləşdirilməsi olmalıdır.
- Bəs, startaplar necə maliyyələşdirilməlidir?
- Adətən startapçılar 15-21 yaşında gənclər olur. 18 yaşına çatmadan bank hesabı açmaq mümkün deyil. Ona görə, bu layihələrin maliyyələşdirilməsi üçün gənclərin iş adamları ilə əlaqələrinin yaradılmasına ehtiyac yaranır. Yəni, 10-20 min manatlıq xərcləri iş adamları da maliyyələşdirə bilər. Ümumilikdə hesab edirəm ki, startap ölkələr üçün çox vacibdir. Təcrübə də göstərir ki, böyük texnoparkların yaradılması startaplardan başlayır. Ona görə də, startaplara həm iş adamları, yatırımçılar, həm də banklar dəstək göstərməlidir.
- ATİB-in tərkibinə həm də bir neçə bank daxildir. Biznesin kreditləşdirilməsi ilə bağlı mövcud problemləri onlarla müzakirə edirsinizmi? Bankların məsələyə reaksiyası nədir?
- Bilirsiniz, burada əsas məsələ Azərbaycan Mərkəzi Bankı ilə bağlıdır. Mərkəzi Bank banklar qarşısında şərt qoyub ki, girovsuz kredit verilməməlidir. Əslində Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili ilə görüşdə bu məsələni qeyd edəcəkdik. Amma o tədbirdə iştirak etmədi. Bizim Milli Məclisə də təklifimiz budur ki, qanunvercilikdə bu məsələ tənzimlənsin. Bəli, əgər sən bankdan bir milyon manat kredit götürüb tikinti işi aparacaqsansa bu zaman təbii ki, girov qoyulmalıdır. Çünki bu vətəndaşların banka yerləşdirdiyi vəsaitdir. Bank həmin vəsaiti zəmanətlə xərcləməlidir. Kiçik biznesə verilən kreditlərlə bağlı girov tələbi isə aradan qaldırılmalıdır. 20 min manatlıq krediti almaq üçün 20 gün vaxt keçir. Belə olan halda startapçı da həvəsdən düşür.
- Cemal bəy, biznesi narahat edən başqa hansı problemlər mövcuddur?
- Hazırda əsas problemlərdən biri biznesdə insan qaynaqları ilə bağlıdır. Prezident İlham Əliyevin əsas diqqət yetirdiyi sahələrdən biri qeyri-neft sektorunun inkişafıdır. Burada qeyri-neft sektorunda yatırımla yanaşı, insan resursları da önəmlidir. Əmək bazarının tələbi ilə ali təhsil müəssisələrində tədris edilən ixtisaslar arasında uyğunsuzluq var. Tələbə dörd ilini sərf edib ixtisas əldə edir, amma iş tapa bilmir. Azərbaycanda bu sahədə də tənzimləmə aparılmalıdır. Ali təhsil müəssisələri toplanıb Azərbaycanda əmək bazarının 5, 10 və ya 20 il üzrə tələb olunan ixtisas sahələrini müəyyən etməli və buna uyğun plan hazırlamalıdır. Sizə bir maraqlı fakt deyim. Türkiyədə sürətli qatar layihəsi icra edilən zaman məlum oldu ki, bu qatarları idarə edə biləcək maşinist yoxdur. Böyük bir layihə icra ediblər, amma bu sahədə lazımı kadr yetişdirməyi unudublar. Anadolu Universitetində qısa zamanda maşinist ixtisası yaradıldı. 4 illik təhsil 2 il müddətinə keçirildi və problem aradan qaldırıldı.
- ATİB üzvü olan şirkətlər Azərbaycanda müxtəlif layihələri icra edir, o cümlədən Qarabağda tikinti-bərpa, yenidənqurma işlərinə qatılıb. Bu şirkətlərdə hazırda daha çox hansı ixtisas sahiblərinə ehtiyacı yaranıb?
- Əslində bütün sahələrdə ixtisaslı kadrlara ehtiyac var. Buna turizmi, inşaatı, tibb, tədbirlərin təşkili və digər sahələri misal çəkə bilərik. Heç kim ali təhsilsiz buraxılmamalıdır. Ali təhsil almayan iş adamı ola bilməz. Universitetlərlə iş real sektorun inkişafına ciddi dəstək verir. Hazırda Azərbaycanda ali təhsil müəssisələri ilə həmin universitetin məzunları arasında demək olar ki, əlaqə yoxdur. Amma Avropa universitetlərində belə deyil. Universitetlə onun məzunları arasında daimi əlaqə qurulur. Üniversitetlər ixtisas üzrə olan bütün yeniliklər, dəyişiklikləri daim məzunları ilə bölüşürlər. Adətən universiteti bitirən şəxslərin başı işinə qarışır və sektorda olan yeniliklərdən xəbərsiz olur. Bu baxımdan universitetlə daim informasiya mübadiləsi çox effektivdir. Son zamanlar artıq Türkiyə universitetləri də bu təcrübədən yararlanmağa başlayıb.
- Cemal bəy, Azərbaycanla Türkiyə arasında biznesin inkişafına dəstək verəcək hansı addımların atılmasına ehtiyac var?
- Bilirsiniz ki, hazırda Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi (tərcihli ticarət) var və bu anlaşmaya əsasən 50 məhsul üzrə 15%-lik gömrük rüsumu tətbiq edilmir. Amma biz istərdik ki, MDB ölkələri ilə olduğu kimi, iki qardaş ölkə arasında da sərbəst ticarət həyata keçirilsin. Bunun hər iki tərəf üçün müsbət cəhətləri çoxdur. Gömrük tariflərinin olmaması məhsulların daha ucuz satılmasına və biznesin inkişafına təkan ola bilər. Gömrük rüsumlarını ləğv etməklə itirilən vəsaitlər isə ticarət dövriyyəsi artan şirkətlərin artan mənfəət vergiləri ilə kompensasiya oluna bilər. Artıq Gürcüstanla Türkiyə arasında belə bir təcrübə var. İki ölkə arasında bir neçə ildir ki, sərbəst ticarət tarifləri tətbiq edilir.
Digər vacib məsələ isə hesab edirəm ki, uçuş tarifləri ilə bağlıdır. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə ikili əlaqələr inkişaf edir. Amma hazırki təyyarə biletləri çox bahadır. Bu isə iki ölkə arasında gediş-gəlişin daha da artmasına, ümumilikdə turizmin inkişafına mənfi təsir edir. Hesab edirəm ki, digər ucuz xidmət göstərən aviaşirkətlərin uçuşlarına icazə verilməsi bu problemin nisbətən həllinə yardımçı ola bilər. (Apa)