2023-cü ilin yanvar-avqust aylarında əsas kapitala 10864,8 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çox vəsait yönəldilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1% artıb. İstifadə olunmuş vəsaitin 6199,6 milyon manatı və ya 57,1%-i məhsul istehsalı sahələrinə, 4116,1 milyon manatı (37,9%-i) xidmət sahələrinə, 549,1 milyon manatı (5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8336,5 milyon manatını və ya 76,7%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7928,4 milyon manatı və ya 73%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əlavə edək ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1%, büdcə vəsaitləri 39,3%, əhalinin şəxsi vəsaitləri 6,5%, bank kreditləri 2,8%, sair vəsaitlər isə 5,3% təşkil edib. (Apa)