Azərbaycanda ilk dəfə Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq.
FED.az xəbər verir ki, hərrac aprelin 15-də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində keçiriləcək.
“Aqrolizinq” ASC-dən FED.az-a verilən məlumata görə, ilkin olaraq hərracda 2-3 at satışa çıxarılacaq. Atların qiyməti, ləqəbi yaxın 2 gündə açıqlanacaq. Hərracda iştirak etmək istəyənlər isə elan verildiyi gündən 1659 satış mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilərlər.
ASC-dən bildirilib ki, hərraclar mütəmadi keçiriləcək:
“Ağcabədidə yetişdirilən bu atların satışı tez-tez keçiriləcək. Hər kəs aprelin 15-dən sonra atçılıq kompleksinə gəlib hərraca çıxarılacaq hər bir atla tanış ola bilər. Lakin qiymətlər barədə hələ ki rəqəm deyə bilmirik. Yaxın 2 gündə bu barədə geniş açıqlama veriləcək”.
Bəs bu atların qiyməti nəyə əsasən müəyyən olunur?
Qarabağ atları üzrə mütəxəssis Ramin Ramalov FED-az-a açıqlamasında Qarabağ cins atlarının hansı göstəricilərə əsasən qiymətləndirildiyindən danışıb.
O bildirib ki, atların qiyməti əsasən əldə etdiyi uğurlara və ailə şəcərəsinə görə müəyyən olunur:
“Bu hərrac Azərbaycanda ilk dəfə keçirilir. Düşünürəm ki, qiymət də alıcılıq qabiliyətinə uyğun müəyyən olunacaq. Eyni yaşda, fiziki baxımdan eyni sağlamlıqda olan 2 at arasında 4-5 dəfə fərq ola bilər. Bu, həmin atların hansı ailəyə mənsub olmasından asılıdır. Pasportlarında bunlar qeyd olunur. Əgər atın ailəsi yarışda yer tutubsa, təyinatına uyğun uğur əldə edibsə bu, birbaşa qiymətə ciddi təsir edir. Hazırda hərraca çıxarılacaq atların heç bir nailiyyəti yoxdursa min manatdan beş min manata qədər uğurlu satışı keçirilə bilər. Əgər xüsusi göstəriciləri varsa, uzun tarixi olan nəslə aiddirsə, qiyməti 5 min manatdan yuxarı ola bilər”.
R.Ramalovun sözlərinə görə, atlar 3 cür satıla bilər: həvəskarlara, atçılıq klublarına və kənd həyatında istifadə etmək istəyən alıcılara: “Fikrimcə, nəsli həssas olan atların kənd əhalisinə yox, klublara, yaxud həvəskarlara satışını təmin etmək lazımdır. Çünki kənddə istifadə üçün alınan atların bu halda qanında qarışıqlıq ola bilər və belə olanda biz o atların nəslini qoruya bilməyəcəyik. Ola bilər ki, peşəkar baxım olmadığına görə atlar fiziki zədə alsın, düzgün nəsil artırmasın. Bütün bunlar nəslin korlanmasına səbəb ola bilər”.
Qeyd edək ki, kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumat veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.