Azərbaycanda dövlət-özəl tərəfdaşlığı (DÖT) çərçivəsində ümumi kapital xərcləri təxminən 1,1 milyard manat olan 9 layihə üzrə investisiya imkanları formalaşdırılıb.
Azərbaycanda 47 min yeni iş yeri yaradılacaq - Nazir müavini
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən "III Milli Rəqabət Forumu"nda bildirib.
Onun sözlərinə görə, layihələr 8 sektoru əhatə edir:
"Bunlara su infrastrukturu, təhsil, ekologiya, nəqliyyat, turizm, qida təhlükəsizliyi, kənd təsərrüfatı və sosial sahə daxildir.
Portfelə daxil olan layihələr arasında ən böyük layihələrdən Hövsan aerasiya stansiyasının təmiri və tullantı sularının təkrar emalı qurğularının quraşdırılması da var. Bu layihənin kapital xərcləri 240 milyon manat qiymətləndirilir.
Bakı şəhərində elmi-texnoloji parkın tikintisi və idarə edilməsinin ikinci və üçüncü mərhələləri üçün 156 milyon manat, Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi üçün isə 221 milyon manat nəzərdə tutulur.
Portfeldə kapital xərclərinin həcminə görə ən böyük layihələrdən biri Kəlbəcər turizm-rekreasiya zonasının yaradılmasıdır. Layihənin dəyəri 260 milyon manatdır".
"Dövlət-özəl tərəfdaşlığı layihələri portfeli infrastrukturun inkişafı, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və özəl investisiyaların müxtəlif sektorlara cəlb edilməsi baxımından imkanlar yaradır", - deyə o, əlavə edib.














