2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6131,6 milyon manat vəsait yönəldilib. FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Eləcə də bax:Bahalaşan və ucuzlaşan ərzaqların – SİYAHISI AÇIQLANDI
Komitənin məlumatına görə, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 63,8 faizi məhsul istehsalı sahələrinə, 26,6 faizi xidmət sahələrinə, 9,6 faizi isə ümumi sahəsi 1087,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7 faiz, büdcə vəsaitləri 27,7 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, bank kreditləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil edib.