Rusiya iqtisadiyyatının özünə gəlməsi rəsmən təsdiqlənib. FED.az xəbər verir ki, «S&P» reytinq agentliyi Rusiyanın reytinqini «zibil» səviyyəsindən çıxarıb. «Standard&Poors»un qərarı ilə Rusiyanın xarici valyutadakı kreditlər üzrə suveren kredit reytinqi investisiya səviyyəsinə (BBB-/A-3) qaldırılıb, proqnoz isə «sabit» elan edilib. Rusiyanın reytinqnin bu səviyyəyə çatması 2014-ci ildən bəri ilk dəfədir.
Agentlik elan edib ki, reytinqlərin artırılmasına səbəb dayanıqlı iqtisadi siyasət və pul-kredit siyasəti mexanizmlərinin yaxşılaşmasıdır.
Bildirilir ki, Rusiya hökuməti makroiqtisadiyatda konservativ siyasət yürüdür, valyuta məzənnələri çevikdir və bankların sanasiyasına baxmayaraq ölkədə maliyyə sabitliyi var.
Rusiya hökuməti reytinqin artırılmasını təbii sayırlar: «Bizim iqtisadiyyatımız yeni şəraitə (neftin ucuzlaşmasına və sanksiyalara – FED.az) çox tez uyğunlaşdı və müsbət artım nümayiş etdirir»-deyə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Hazırda ölkədə əsas makroiqtisadi göstəricilərlə bağlı vəziyyət nikbindir: Rusiyanın tarixində ən aşağı inflyasiya, neftin qiymətinin aşağı olmasına baxmayaraq rublun sabit məzənnəsi, büdcənin icrası və onun xarici borclardan asılılığının minimuma enməsi.
Nazirlikdə bildirirlər ki, investisiya reytinqinin verilməsi ölkəyə xarici investorların marağını artıracaq, özü də bu təkcə dövlət aktivlərinə yatırımlarda yox, özəl sektora investisiyaların artımında da hiss olunacaq.