İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Abşeron rayonunda daha 268 tam təmirli mənzil əlavə edilib.
FED.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Bildirilir ki, bunun 234 mənzili Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 1 və 2 otaqlı olmaqla, 34 mənzil isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən kompleksdə təqdim olunur. Yaşayış sahələri 2, 3 və 4 otaqlıdır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 14 sentyabr 2023-cü il tarixindən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3 913 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları, ictimai nəqliyyat) yaxın komplekslərdə yerləşir. Bütün yaşayış sahələri yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub. Mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.