Bu çağırış “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” tərəfindən bütün uşaqlara ünvanlanıb.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyətə başladığı ilk gündən minlərlə uşağa psixoloji və mənəvi dəstək göstərib. Xidmət artıq ölkəmizdə uşaqlar tərəfindən kifayət qədər etibar qazanıb. Məhz buna görədir ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edən uşaqların sayı hər keçən gün artmaqdadır. Xidmət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Tək bu ilin ilk 6 ayı ərzində “Uşaq Qaynar Xətti”nə 1379 müraciət daxil olub. Bu zənglərdən 269-u psixoloji, 259-u hüquqi, 58-i səhiyyə, 65-i sosial, 650-si təhsil, 78-i digər problemlərlə bağlı olub. Daxil olan müraciətlərin 914-ü 18 yaşdan yuxarı, 465-i isə 18 yaşdan aşağı olan şəxslər tərəfindən edilib. 570 müraciət şəhərdaxili nömrədən, 792-si mobil nömrədən, 17-si ilə sms və Facebook səhifəsi vasitasilə daxil olub. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə ölkəmizdən kənarda yaşayan uşaqlar da müraciət edir ki, daxil olan zənglərin 65-i ölkə xaricindən qeydə alınıb.
Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.
Qeyd edək ki, xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) yaşayan uşaqlara da xidmət göstərir.Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz