Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2020-ci ili 1,778 milyon manat zərərlə başa vurub.
Eləcə də bax: “Azərenerji”nin yığılmış zərəri - 2,5 Milyard Manatı Keçib
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 4,35% çoxdur.
Bununla belə, şirkətin yığılmış zərəri 20,7% artaraq 10,367 milyon manata çatıb.
Ötən il “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin satışdan gəlirləri 24 min manat (illik müqayisədə təxminən 14% çox), satışının maya dəyəri 1,028 milyon manat (5,1% çox), ümumi və inzibati xərcləri isə 773 min manat (3,5% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Mərkəzin aktivləri 6,971 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,6% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 53,2% artaraq 668 min manata çatıb, balans kapitalı isə əlavə kapital qoyuluşuna baxmayaraq 4,2% azalaraq 6,303 milyon manata düşüb.
Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. (Report)