Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən qurumların köhnə versiyalı informasiya resurslarının müasir dizaynda yenidən hazırlanaraq təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Naxçıvanda 16 dövlət qurumu - “AzStateNet” Şəbəkəsinə Qoşulub
Bu barədə FED.az-a Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən bildirilib.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin veb-saytı “nmaliyye.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.
Həmçinin, saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.
Nazirliyin yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə gov.az domeninə bağlı e-poçt adresləri ilə təmin ediləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən muxtar respublikada dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirilir.