Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə yeni qaydalar tətbiq ediləcək. Korrupsiya cinayətlərinə nəzarətin sahəsi artacaq, iş yerlərində korrupsiyanın aşkar edilməsi üçün yeni mexanizmlər quralacaq, korrupsiya barədə məlumat verən işçilər isə daha yaxşı qorunacaq.
Rüşvət haqda məlumat verən işçidən qisas alınmasına yol verilməyəcək
FED.az xəbər verir ki, bütün bunlar “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib təsdiqlənib və onun dövlət başçısı tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Yeniliyə əsasən korrupsiya ilə bağlı əsas dəyişikliklər nədən ibarətdir?
İlk növbədə qanunun əhatə dairəsi, yəni onun aid olduğu genişlənib. Belə ki, indiyədək qanun dövlət qurumları, bələdiyyələr və publik hüquqi şəxslərə aid idisə, bundan sonra qanunun tətbiq sahəsinə dövlət və bələdiyyə mülkiyyətində olan şirkətlər, nəzarət payı dövlətə və ya bələdiyyəyə məxsus olan şirkətlər və ümumilikdə bütün büdcə təşkilatları aid olacaq.
Rüşvət almaq deyil, buna razılıq vermək də cinayət sayılacaq
İkinci maraqlı yenilik, korrupsiya anlayışının özünün dəqiqləşdirilməsidir. İndiyədək olan qanundakı anlayışdan məlum olurdu ki, korrupsiya o zaman baş vermiş sayılır ki, vəzifəli şəxs kimdənsə, rüşvət, maddi və sair nemətlər və ya imtiyaz almış olsun. İndi isə qanuna edilən dəyişikliyə görə, vəzifəli şəxsin təkcə rüşvəti alması deyil, bu barədə təklifi və ya vədi qəbul etməsi də korrupsiya sayılacaq. Yəni vəzifəli şəxs üçün korrupsiya sayvlan hallar artacaq.
Oxşar dəyişiklik rüşvəti təklif edən şəxslərə də aiddir. Əvvəllər fiziki şəxslər tərəfindən korrupsiyaya yol vermək o halda sayılardı ki, onlar maddi və sair nemətlər və ya hansısa imtiyazları vəzifəli şəxslərə təklif edərək onları ələ almış olsunlar - yəni bu vədlərdən sonra vəzifəli şəxs korrupsiyaya yol vermiş olsun.
İndi isə fiziki və ya hüquqi şəxsin vəzifəli şəxsə təkcə rüşvət verməsi deyil, onu vəd etməsi də korrupsiya sayalacaq. Bir sözlə, indiyədək yalnız hərəkət korrupsiya sayılırdısa, indi bununla bağlı vəd vermən və ya vədi qəbul etmək də cinayətdir.
İdarə və təşkilatlarda korrupsiya şöbələri yaradılacaq
Digər maraqlı yeniliklər qanuna yeni anlayışların əlavə edilməsidir. Bura korrupsiya riski, korrupsiya risklərinin idarə edilməsi və səlahiyyətli struktur bölmə (şəxs) kimi anlayışlar aiddir.
Xüsusilə maraq doğuran məsələ səlahiyyətli struktur bölmə (şəxs) anlayışıdır. Qanundakı əsas yenilikdə bununla bağlıdır. Qanuna əsasən dövlət qurumlarında (o cümlədən bələdiyyələrdə və dövlət şirkətlərində) yeni bölmə yaradılacaq. Bu bölmə idarədə korrupsiya barədə məlumatları toplayacaq, onları araşdıracaq, iş yerində korrupsiyaya şərait yarada bilən halları, maraqların toqquşması və sair məsələlərlə bağlı məsləhət verəcək.
Qanunda deyilir ki, yeni korrupsiya ilə məşğul olacaq bölmə öz işini səmərəli görmək və ona qunansuz müdaxilə olmaması üçün kifayət qədər müstəqil qurum olmalıdırvə yalnız təşukilatın rəhbərinə tabe olmalıdır.
«Korrupsiyaya qarşü mübarizə haqqında» qanuna edilən əsas dəyişikliklərdən biri korrupsiya risklərinin idarə edilməsi ilə bağlıdır. Bunun üçün qanuna ayrıca 8-1 maddə əlavə edilib. Bu maddəyə əsasən, həm bir qurumda yanvarın 15-dən aprelin 15-dək əvvəlki il üzrə korrupsiya riskləri araşdırılır. Korrupstya ilə bağlı daha çox müraciət edilən orqanlarda araşdırma aparılır.
Mətbuat və sosial şəbəkədə yaylan korrupsiya məlumatı araşdırılacaq
Ən maraqlı yenilik korrupsiya barədə araşdırmaların nə zaman başlanması haqqındadır. Qanuna əlavə edilən dəyişikliyə əsasən, korrupsiya riskləri araşdırılarkən məlumatlar müxtəlif mənbələrdən toplanır. Bura hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri;
korrupsiya halları barədə daxil olan müraciətlər aiddir. Eləcə də mediada, həmçinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan informasiyalar da korrupsiya araşdırması üçün əsas sayılacaq. Başqa sözlə, nəinki mediada, eyni zamanda sosial şəbəkələrdə də sayılan məlumatlar korrupsiya araşdırması üçün əsas sayılacaq.
Bütün işçilərə korrupsiya haqqında məlumat verməyi öyrədəcəklər
Qanunda ən maraqlı yeniliklərdən biri idarə və təşkilatlarda, həmçinin dövlət şirkətlərində işçilərin korrupsiya barədə məlumat verməyə cəlb edilməsi haqqındadır. Qanuna görə, bütün idarə və təşkilatlarda işçilərin korrupsiya haqqında məlumat verməsi üçün imkanlar yaradılmalıdır. Sənəddə bildirilir ki, idarə və təşkilat rəhbərləri korrupsiya haqqında məlumatların idarədaxili qaydada verilməsi üçün mexanizm müəyyən etməlidirlər.
Eyni zamanda bütün işçilərə hökmən məlumat verilməlidir ki, onlar korrupsiya haqqında məlumatları hara və necə verə bilərlər.
Yəni bütün dövlət qurumlarında və dövlət təşkilatlarında tədbirlər keçiriləcək və işçilərə məlumat veriləcək ki, korrupsiya haqqında məlumatları hansı quruma necə vermək lazımdır, bu qurumlara necə müraciət etmək tələb olunur, bu işlərə hansı qaydada baxılır. Eyni zamanda işçilərə məlumat verələcək ki, korrupsiya haqqında xəbər verən işçilərin hüquqları necə qorunacaq.
Başqa sözlə, bütün qurumlarda işçilərə korrupsiya haqqında məlumat verməyin yolları və bu məlumatı verən şəxslərin necə qorunduğu barədə izahat veriləcək.
Korrupsiya barədə məlumat verən işçiləri dövlət qoruyacaq
Qanunda maraqlı məqmlardan biri də korrupsiya barədə məlumat verən işçilərin iş yerində rəhbərliyin təzyiqlərdən qorunması ilə bağlıdır.
Qeyd edək ki, bu qayda qanunda əvvəl də var idi. Qanunun 11-2.2-ci maddəsində deyilirdi ki, koorrupsiya haqqında məlumat verən şəxsə və onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq məsuliyyətə səbəb olur. İndi isə bu məsələ bir az da sərtləşdirilib. Həmin maddə dəyişdirilib və yazılıb ki, belə hallara yol vermək ümumiyyətlə qadağandır.
Amma bunun davamı da var. Həmin maddəyə edilən əlavədə göstərilir ki, korrupsiya haqqında məlumat verən işçiyə bu məlumatına verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, onu işdən çıxarmaq, başqa işə keçirmək, əməkhaqqından qanunsuz pul tutulması, vəzifədə irəli çəkilməsinə mane olmaq, qəsdən mənfi xasiyyətnamə vermək, onu pisləmək və sair belə addımlar atıla bilməz. Bunu etmək məsuliyyətə səbəb olur.
Eyni zamanda qanuna edilən əlavəyə görə, korrupsiya haqqında məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür. Başqa sözlə, məsələn, korrupsiya haqqında məlumat vermiş işçi şikayət edib, öz rəhbərliyi tərəfindən sıxışdırıldığını bildirirsə, məsələ araşdırılanda, işçi bunu sübut etməli deyil. Rəhbərlik sübut etməlidir ki, bu hala yol verməyib.
Başqa sözlə, yeni qanunda korrupsiya haqqında məlumat verən işçilərin qorunması üçün çoxsaylı tədbirlər nəzərdə tutulub.