Və ya məşhur vəkil Piralları sakinini polis, məhkəmə və sələmçilərin əlindən necə aldı?
Eləcə də bax: "Azərbaycanda sələmçiliyin ən geniş yayıldığı yer Pirallahıdır" - PROBLEM
Azərbaycanda unikal məşhəkə prosesi baş verib. Sələmçilərdən borc alan Bakının Pirallahı rayonunun sakini Valeriya Panfilova ölkə məhkəməsi tarixində ilk dəfə olaraq həbsdən azad edilib. Məşhur vəkil Əkrəm Həsənovun FED.az-a açıqladığı işin detalları indiyədək sələmçilərin tutdurduğu insanların əslində qanunsuz həbs edildiyini deməyə əsas verir….
Uzun müddətdir ki, Azərbaycanda insanlar bir neçə mənbələrdən borclanırlar. Borclar lombardlar, sələmçilər, BOKT-lar və banklar tərəfindən verilir. Bu istiqamətdə böyük kreditlər sələmçilər tərəfindən verilir. Məlumat üçün bildirək ki, sələmçilik qanunla qanunsuzluq arasında olan bir fəaliyyət növüdür. Sələmçilər adətən əhaliyə verdiyi borcları yüksək faizlərlə verirlər. Bankların illik 25 faizinə baha deyənlər bəzən sələmçilərdən aylıq 5-10 faizlə borc götürür.
FED.az-in məlumatına görə, verilən borc qaytarılmayanda sələmçilər ölkənin məhkəmələrində formalaşmış praktikaya görə, həmin şəxsləri dələduzluq maddəsi ilə həbs etdirə bilirdilər. İndiyə qədər bu kimi hallar çox olub. İndi isə bu məsələdə çox mühüm bir dəyişiklik var. Belə ki, ilk dəfə olaraq sələmçilərin dələduzluq ittihamı ilə həbs etdirdiyi vətəndaş həbsdən azad edilib. Söhbət bir neçə gün əvvəl Bakı Apellyasiya məhkəməsinin qərarı ilə Pirallahı sakini Valeriya Panfilovaya qarşı ittihamların ləğv edilməsindən gedir.
İşin detallarını V.Panfilovanın vəkili, tanınmış hüquqşünas Əkrəm Həsənov FED.az saytına açıqlayıb. O bildirib ki, hüquqlarının müdafiə etdiyi şəxsin başına gələn hadisə təxminən 4-5 il əvvəl baş verib:
“Valeriya Panfilova sahibkarlıq fəaliyəti ilə məşğul olduğu üçün pula ehtiyacı olur. Sələmçilik Pirallahıda çox yayılıb. Valeriya Panfilova sələmçidən 5 faizə pul götürür, bu, müqavilədə də yazılır. V.Panfilova müxtəlif vaxtlarda ümumilikdə 120 min manata yaxın borc götürüb. Bu borcun da əksər hissəsini qaytarıb. Sona qalan borc heç 15 min deyil. Bundan əlavə, həmin sələmçilərdən biri girov kimi V.Panfilovadan qızıl da götürüb, amma qaytarmayıb. Hazırda həmin sələmçidə təxminən 20 min dəyərində qızıl-zinət əşyası qalıb. Həbs olunan xanım digər sahibkarlar kimi ali savadlı deyil və o, uçot, qeydiyyat da aparmayıb. Sələmçilərdən pulu alanda yazıblar, amma qaytaranda yazmayıblar. Daha sonra sələmçilər borcludan 120 min manatdan çox ödəniş etməsini tələb ediblər. Borclunun indiyə qədər qaytardığı pulun bir hissəsi isə nəzərə alınmayıb. Amma buna rəğmən bağlanılan müqavilələrin arxasında faizlər üzrə qeydiyyat aparılıb. V.Panfilova 2016-cı ilin sonunda müqavilənin arxasında yazır ki, bu il faiz ödəyə bilməyəcək, amma 2017-ci ilin yanvarın 12-də əsas sələmçilərdən biri Nadir Ələkbərov ona yenə də borc verib. Deməli, borclu yanvarın 12-də borcunu qaytarıb ki, yenidən borc verilib”.
Hüquqşünas qeyd edib ki, işin maraqlı tərəfi sələmçilərin V.Panfilovanın dələduzluqda ittiham etmələridir:
“Tutaq ki, borclu borcunu heç ödəməyib. Bu halda kreditor məhkəmədə mülki qaydada iddia qaldırmalı idi, həmin vətəndaş da adındakı əmlaka görə o borca cavabdehdir. Sələmçilər bilib ki, vətəndaşın adına mülk yoxdur. Nadir Ələkbərovun şikayətinin ikinci hissəsində Ali Məhkəmənin dələduzluğa dair qərarına istinad edib. Yəni şəxs borcun istəyərkən iddia ərizəsini hüquqşünas kimi yazır. Onun yazdığını heç bəzi hüquqşünaslar, vəkillər bilmir. İddia ərizəsində yazıb ki, o, pulu borcluya hansısa lombarda əmanət qoymaq üçün verib, guya borc alan da onu aldadıb, əmanət qoymayıb. İddia ərizəsində göstərilən lombardla da bir həyətdə yaşayırlar. İş materiallarında 1 il ərzində 10 borc müqaviləsi var. Müqavilədə o da qeyd olunub ki, V.Panfilova göstərilən müddət ərzində aldığı borcu qaytarmasa, onda Nadir Ələkbərovun hüququ var ki, bu müavilə üzrə məhkəməyə müraciət etsin.
Məlumdur ki, borc məsələlərinə görə, məhkəməyə müraciət etmək lazımdır. Polisə o vaxt verilir ki, burada cinayət işi olur. Deməli, bu işin içində nəsə cinayət işi tapmaq lazımdır ki, polisə vermək mümkün olsun. Cinayət işinin də motivində sələmçinin borc alana pulu depozitə qoymaq üçün verməsi durur. Borc alan da bunu etmədiyinə görə, bunun adı 178-ci maddə üzrə dələduzluq olur. Bağlanan müqavilələrin heç birində pulun lombarda qoyulması göstərilməyib. Hansı dələduz pul götürüb müqabilində girov qoyar?
Pirallahı sakinlərinin iddia etdiyinə görə, sələmçi şikayətçi sayını artırmaq üçün qeyri-rəsmi arvadını, hansi ki ondan iki övladı var, eləcə də onun rəfiqəsini ve həyətdəki başqa bir sələmçini da gətirib V.Panfilovadan polisə şikayət edib. Belə deyək - üzünə durmağa gətirib.
Bunun əsasında da 2018-ci ilin iyun ayında Ağır Cinayətlər Məhkəməsində 178.3 maddəsi ilə V.Panfilovaya cinayət işi açılır. Bu maddə ilə maksimum 10 il, minimum 5 il həbs cəzası düşür, V.Panfilovaya 5 il 6 ay həbs cəzası verilmişdi. Elə həmin il qərardan apellyasiya şikayəti verdik. Daha sonra Apellyasiya Məhkəməsinə şikayət verdik, təmin olunmadı. Ötən ilin aperl ayında Ali Məhkəmənin hakimi Əli Syfəliyevin sədrliyi ilə keçirilən iclasda Apellyasiya Məhkəməsinin hökmü ləğv edildi. İşə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıldı. Ötən ilin iyun ayından baxılan iş 7 aydan çox davam etdi. V.Panfilova üç epizod üzrə təqsirsiz bilindi”.
Əkrəm Həsənov təəssüflə qeyd edib ki, hakimlər vətəndaşlara bəraət verməkdən çəkinirlər:
“Əgər vətəndaşa bəraət verib cinayət məsuliyyətindən azad edilirsə, dövlət kompensasiya ödəməlidir. Hakimlər də bunu qəbul etdilər ki, “zərərçəkmiş”lərin heç biri sübut edə bilmir ki, pulu borc alana əmanət qoymaq üçün verib. Birinci, lombard əmanət qəbul etmir. İkinci, burada əsas fiqur Nadir Ələkbərovdur ki, guya ən çox borc da onadır - 79 min manat. V.Panfilova isə deyir ki, ona cəmi 6 min manat borcu var, əgər onu həbs etməsəydilər o borcu da qaytaracaqdı. Nadir Ələkbərov V.Panfilovanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə, prokurorluqla qorxudur. Nadir Ələkbərov həmin diski məhkəməyə təqdim edib. Hətta Nadir Ələkbərov V.Panfilovaya deyir ki, gedib anasına desin ki, evi onun qardaşı Elşən Ələkbərovun adına keçirsin. Sələmçi Nadir Ələkbərov uzun müddət Pirallahıda Beynəlxalq Bankda işləyib. Məhkəmədə hakimlər Nadirdən soruşur ki, bankdan başqa əmanəti heç kəsin qəbul etmədiyini bilmirsən? Nadirin qardaşı Elşən Ələkbərov Pirallahıda tanınmış sələmçidir. Hətta elektron məhkəmə sisteminə baxsaq, Elşən Ələkbərovun kimsəndən pul tələb etməsi barədə onlarla iş tapmaq olar. Bu mənada artıq V.Panfilovanın işi qorxunc bir mesajdır”.
Hüquqşünas sələmçiliyin qanunla tam qadağan olunmadığını da deyib:
“Amma burada bəzi şərtlər var. Faizlə borca pul vermək olar, amma öz pulunu. Hesab edirəm ki, bu da qanunda olan boşluqdur. Nadir Ələkbərov etiraf edib ki, V.Panfilovaya öz pulunu yox, bankdan aldığı vəsaiti borc verib. Bu da o deməkdir ki, Nadir Ələkbərov maliyyə vasitəçisi funksiyasını yerinə yetirib. Məsləhət görərdim ki, vətəndaşlar sələmçilərdən deyil, banklardan və BOKT-lardan pul götürsünlər. Banklar sələmçilərin yanında həm kredit faizlərinə, həm də şərtlərinə görə mələkdirlər. Sələmçilərin fəaliyyəti bank sektoru üçün təhlükədir. Onlara qarşı mübarizə dövlət səviyyəsində aparılmalıdır. Əgər vətəndaş sələmçidən pul götürürsə, mütləq iki nüsxədə müqavilə bağlasınlar. Müqavilə məhz vətəndaşı müdafiə edir. Burada bütün şərtlər, eləcə də götürülən məbləğ, qoyulan müddət və faiz öz əksini tapmalıdır. Borcu qaytaranda da sələmçidən kağız alınmalıdır. Nadir Ələkbərovla V.Panfilova arasında imzalanan müqavilə sübut etdi ki, vəsaiti faizlə borc verib. Bu artıq dələduzluq maddəsi deyil. Bəzən sələmçilər müqavilə bağlayanda orada faizi yazmırlar, sadəcə müddətin sonunda nə qədər gələcəksə, onu da üstünə gəlirlər. Tutaq ki, 1000 manat borcu 1 illik müddətə 5 faizlə verirlər. Bu ayda 50 manat, il ərzində 600 manat edir son nəticədə müqavilədə 1600 manat yazılır. Nadirin qardaşı Elşən Ələkbərovun onlarla məhkəmə işi var. O işlərdə faiz söhbəti yoxdur, hər yerdə məbləğlər yazılıb. Hər yerdə də deyir ki, qonşumdur, qəsəbə sakinidir yazığım gəldi pul verdim. Məgər Elşən Ələkbərov xeyriyyə fondudur ki, hamıya faizsiz kredit verir hamısına qarşı da iddia qaldırır?!”
Əkrəm Həsənov hesab edir ki, Ali Məhkəmənin qərarı ilə V.Panfilovanaya bəraət verilməsi başqa məhkəmələr üçün də president ola bilər:
“İnsanı dələduzluqda ittiham etmək üçün əsas olmalıdır. Yəni bunun üçün bir sübut olmalıdır. Hətta şikayətçilərin çox olması belə əsas deyil. Məhkəmədə “mən borc götürməmişəm” demək belə, dələduzluq sayılmır. Ümumiyyətlə, indiki dövrdə pul insanlarda çox vacib bir şeydir”.