2024-cü ilin yanvar-oktyabr ayında Azərbaycandan 5 milyon 484 min dollar həcmində 623 ton çay ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 144 min 300 dollar və ya 2,7%, miqdar ifadəsilə 37 ton, başqa sözlə 6,2% artıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycandan 5 milyon 340 min dollar dəyərində 586 ton çay ixrac olunmuşdu.
Bu ilin yanvar-oktyabr ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 14 manat 97 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 48 qəpik idi. Bu da illik müqayisə ilə 51 qəpik və ya 3,3% azalma deməkdir.
Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20%-i çayın payına düşüb.
10 ay ərzində xaricdən Azərbaycana 64 milyon 282 min dollar dəyərində 12 min 260 ton çay idxal olunub.
Məlumata görə idxal dəyər ifadəsi ilə 5 milyon 834 min, başqa sözlə 10%, 1 038 ton (9,2%) artıb.
2023-cü ilin eyni dövründə 58 milyon 448 min dollar dəyərində 11 min 222 ton çay idxal edilmişdi.
Bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,39%-ni təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 10 min 379 ton çay istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə illik müqayisə ilə istehsalda 734 ton başqa sözlə 7,6% artım baş verib.
Ötən ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 9 min 645 ton çay istehsal edilmişdi.
Bu ilin noyabrın 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatı 92,7 ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 ton və ya 16,3% azdır.
Bu ilin 10 ayında çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni təşkil edib.
Rəqəmlərə nəzər yetirdikdə idxal həm istehsalı, həm də ixracı üstələmiş olub.