Dünya bazarında neftin qiymətinin sürətli azalması davam edir.
FED.az xəbər verir ki, cəmi bir həftə əvvəl 75 dollara satılan Brent nefti bu həftənin əvvəlində 65 dollara, dünən, aprelin 8-də isə 62-63 dollavra enib. Hazırda isə Brent neftinin qiyməti bir qədər də ucuzlaşaraq 60 dollara enib.
Azərbaycan üçün xoşagəlməz proqnoz: Neft ilin sonuna $60-dan aşağı düşə bilər
Xatırladaq ki, Brent markalı neft, Şimali Amerikanın WTI markalı nefti ilə birlikdə dünyanın neft bazarının bençmarkı, yəni qiyməti oriyentiri rolunu oynayır. WTI nefti adətən Brentdən daha ucuz olur, elə indi də WTI markalı neft 57 dollaradək ucuzlaşıb.
Neftin budəfəki ucuzlaşmasının səbəbləri məlumdur - Trampın tətbiq etdiyi yeni ticarət tariflərinin dünya iqtisadiyyatını zəiflətmə riski və OPEK ölkələrinin gündəlik hasilatı azaltması.
Avropada qazın qiyməti 400 dollardan aşağı düşdü
Hazırda dünya bazarında neftin bir barelinin qiyməti Brent markalı neft üçün 60,64 dollara, WTI nefti üçün isə 57,34 dollara düşüb. Bu 2021-ci ilni martındən bəri ən aşağı qiymətdir.
Neftin belə sürətli ucuzlaşması təkcə neft şirkətləri üçün deyil, neft hasil edən ölkələr, o cümlədən Azərbaycanın iqtisadi vəziyyəti üçün də ciddi təhlükə yarada bilər.
Azərbaycan iqtisadiyyatının böyük hissəsi, ölkənin ümumi gəlirləri və dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi neftdən formalaşır. Hər il hökuməti neftin proqnoz qiymətini elan edib, büdcənin gəlir və xərclərini bu qiymət əsasında hesablayır.
2025-ci ildə büdcədə neftin proqnoz qiyməti bir barel üçün 70 dollar müəyyən edilib. Aprel ayına kimi, qiymətlər Azərbaycan üçün konfort zonasında - 70 dollardan yüksək səviyyədə olub.
Apreldən isə Azərbaycan neftinin qiyməti də ucuzlaşmağa başlayıb. Qeyd edək ki, Azərbaycanın «Azeri light» nefti adətən Brent neftindən daha baha qiymətə satılır, fərq 2-3 dollar ətrafında dəyişir. Son məlumatlara görə, Azərbaycan neftinin qiyməti 68 dollara enib və dünyadakı ucuzlaşma davam etdikcə, Azərbaycan neftinin qiymətinin daha da enməsi gözlənilir.
Qiymətlərin bu səviyyədən aşağı düşməsi və uzun müddət bu səviyyədə qalması ölkənin gəlirlərinə, cümlədən büdcənin icrasına risk yarada bilər. Qeyd edək ki, hökumətin 2025-ci il üzrə açıqladığı rəsmi proqnozlarında neftin qiyməti və onun büdcə gəlirləri ilə bağlı «Optimist» (80 dollar, yəni əla), «Baza» (70 dollar - normal) və «Pessimist» (60 dollar və daşa aşağı, yəni mənfi) ssenarilər nəzərdə tutulub.
Hazırki qiymətlər «Baza» və «Pessimit» ssenarilər arasındadır.
Hökumət neftin qiyməti ilə bağlı proqnozlarında beynəlxalq təşkilatların proqnozlarına arxayındır. Bu proqnozlara görə, 2025-də neftin orta qiyməti 76-88 dollar arasında olacaq.
Beynəlxalq Valyuta Fondu 2025-ci ildə neftin 76,4 dollar, Dünya Bankı 79 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EİA) isə 88 dollar olacağını proqnoz edib. Bu proqnozlar bu ilin iyun-iyulunda verilib.
“Geosiyasi risklərin davam etməsi və OPEC+ ölkələrinin neft hasilatının azaldılması nəticəsində Dünya Bankının proqnozlarına əsasən 2024-cü illin sonuna “Brent” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiyməti ötən illə müqayisədə cüzi artımla 84,0 ABŞ dolları səviyyəsində, qeyri-OPEC ölkələrində artan xam neft hasilatı ilə növbəti ildə isə 79,0 ABŞ dolları səviyyəsində olması gözlənilir”-deyə proqnozlarda deyilir.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının iyul hesabatına əsasən Yaxın Şərq regionunda münaqişələrin davam etməsi və Qırmızı dəniz ətrafında gəmilərə hücum ehtimalının mövcudluğu səbəbindən qlobal neft nəqlində yaranan maneələr xam neft qiymətlərinə artırıcı təsir edən əsas amillər olmuşdur. Hesabata əsasən 2025-ci ildə xam neftin bir barelinin orta satış qiyməti 88,0 ABŞ dolları proqnozlaşdırılır.
Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən isə baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 dollar və 2026-2028-ci illər üçün 65 dollar fərz edilib. Nazirliyin fərziyəsinə görə, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242 dollar, 2026-2028-ci illər üzrə isə 236 dollar olacaq.
Bu ilin özündə neftimizin orta qiyməti 86 dollardan yuxarı olub. 2024-cü ilin yanvar-iyun aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 86,5 ABŞ dollarına bərabər olub ki, bu da bu ilin büdcəsindəki 75 dollardan 10 dollar artıqdır.
Neftin qiyməti ilə bağlı risklərin olduğunu hökumət də yaxşı təsəvvür edirlər. Hökumət 2025-ci ildə neft gəlirlərinin azalmasına büdcə üçün aktual risklər siyahısına daxil edib. Büdcə ilə bağlı açıqlamada isə deyilir ki, «neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft-qaz qiymətlərinin aşağı düşməsi və hasilatın azalması risklərinin hər zaman nəzərə alınmasını tələb edir. Bu baxımdan, hal-hazırda dünyada gedən geosiyasi proseslər və iqtisadi trendlər fonunda enerji daşıyıcılarının qiymətinin dəyişməsinin icmal və dövlət büdcəsinə mümkün təsirlərinin təhlili xüsusi əhəmiyyət kəsb edir».
Bu vəziyyəti nəzərə alaraq hökumət 2025-2028-ci illərdə neftin qiymətinin dəyişməsi ilə bağlı müxtəlif qiymət ssenariləri hazırlayıb.
Həmin ssenarilərə əsasən baza ssenari olaraq neftin qiyməti 2025-ci ildə 70 dollar, 2026-2028-ci illərdə isə 65 dollar götürülüb. Yəni bu Azərbaycan iqtisadiyyatı üçün neftin normal qiymətidir. Optimist ssenari isə neftin 2025-ci ildə 80 dollar, 2026-2028-ci illərdə isə 75 dollar olmasıdır. Bu halda büdcənin və Neft Fondunun gəlirləri gözləniləndən daha artıq olacaq. Hökumətin pessimist adlandığdığı ssenaridə isə neftin qiyməti 2025-ci ildə 60 dollar, 2026-2028-ci illərdə isə 55 dollardır.
Göründüyü kimi neftin artıq 60 dollara düşməsi hökumətin fikrincə mənfi haldır və bu pessimist ssenari kimi qiymətləndirilir.
Hökumətin hesablamalarına görə, 2025-ci ilin büdcəsində büdcə üçün - Neft Fondundan ayrılan transfer məbləği istisna olmaqla – neftin qiymətinin optimist və pessimist variantları arasındakı məbləğ fərqi 700 milyon manatdır.
Belə ki, baza qiymətində neft sektorundan büdcəyə 4,3 milyard manat vəsait daxil olacaq. Optimist ssenaridə bu məbləğ 4,7 milyard manata yüksələ, pessimist ssenaridə isə 4 milyard manata enə bilər.
«Neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla, dövlət büdcəsinin neft-qaz gəlirlərinin 2025-ci ildə baza ssenariyə nəzərən pessimist ssenaridə 0,3 milyard manat az, optimist ssenaridə isə 0,4 milyard manat çox olacağı gözlənilir»-deyə hökumətin büdcə ilə bağlı təqdimatında bildirilir.
Oxşar vəziyyət, yəni büdcənin həcminin nefytin qiymətindən asılılığı icmal büdcənin gəlirlərində də göstərəcək. Belə ki, hökumətin proqnozuna görə, 2025-ci ildə neftin baza qiymətində (70 dollar) icmal büdcənin gəlirləri 43,9 milyard manat olacaq. Neft 80 dollara qalxsa (optimist ssenari) icmal büdcənin gəlirləri 46,1 milyard manat olacaq – yəni baza variantından 2,2 milyard manat daha artıq. Neft 60 dollara endikdə isə (pessimist ssenari) icmal büdcənin gəlirləri 41,8 milyard manat olacaq. Başqa sözlə, neftin qiymətinin 60-80 dollar arasında, yni 20 dollar dəyişməsi, özünü icmal büdcənin gəlirlərində 4,3 milyard manat olaraq göstərəcək.
Neftin qiymətinin dəyişməsi Azərbaycanın əsas «pul qabısı» olan Neft Fondunun ehtiyatlarında da özünü göstərəcək. Proqnozlara görə, Neft Fondu 2025-ci ilə 57,1 milyard dollar ehtiyatla başlayacaq. Maraqlıdır ki, 3 ssenarinin 2-sində Fondun ehtiyatları azalmağa doğru gedəcək. Belə ki, neftin qiyməti nəinki pessimist, hətta baza ssenaridə olduqda belə Fondun ehtiyatlarında azalma baş verəcək. Sadəcə pessimist variantda azalma daha sürətli olacaq.
Beləliklə, proqnozlara görə, əgər 2025-ci ildə problem olmasa, yəni neftin qiyməti 70 dollar ətrafında dəyişsə, Neft Fondunun ehtiyatları bir il ərzində 200 milyon dollar azalaraq 56,9 milyard dollara enəcək. Neft optimist ssenaridə 80 dollara satılsa, Neft Fondunun ehtiyatları 57,9 milyard dollara qalxa bilər.
Əksinə, qiymətlər 60 dolara düşsə, Neft Fondunun ehtiyatları il ərzində 1,2 milyard dollar azalaraq 55,9 milyard dolara düşəcək.
Yeri gəlmişkən, qonşu Rusiyanın dövlət büdcəsində də neftin qiyməti baza ssenaridə 69 dollar, pessimist variantda isə 60 dollar götürülüb.
Göründüyü kimi, strateji məhsul olan neftin qiymətinin dəyişməsi digər neft ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da ciddi təsir edə, hətta iqtisadi mənzərəni kəskin dəyişə bilər.
Söhbət qiymətlərin kəskin artımı, milli valyutanın dollar qarşısında dəyər itirməsi, şirkətlərin iflası, əhalinin gəlirlərinin azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi hallardan gedir.
Bununla yanaşı, bəzi ekspertlərin fikrincə, Trampın nefti 40 dollara endirməsi ideyası ilk növbədə ABŞ-a zərər vuracaq, çünki ABŞ-da istehsal olunan şist neftinin maya dəyəri daha yüksəkdir. Məhz bu səbəbdən 2020-ci ildə neft qısa müddətli ucuzlaşanda belə, ABŞ-da neft şirkətlərinin müflisləşməsi baş verdi.