Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 10 milyard 103,5 milyon dollar dəyərində 15 milyon 829,6 min ton miqdarında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 1 milyard 164,6 milyon dollar (13%) artıb, miqdar ifadəsində isə 1 milyon 166,6 min ton (6,9%) azalıb.
Xatırladaq ki, ötən ilin ilk 9 ayında Azərbaycandan xaricə 8 milyard 938,9 milyon dollar dəyərində 16 milyon 996,2 min ton miqdarında xam neft və xam neft məhsulları ixrac edilmişdi.
Bildirək ki, dünyada neft bazarında qiymətlərin yüksək olması Azərbaycanın azalan ixracı fonunda gəlirlərin daha çox olmasına gətirib-çıxarıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.













