Son aylara qədər dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiya, Ukrayna dronlarının hücumlarından sonra ilk dəfə yanacaq qıtlığı ilə üzləşib, son günlər yanacaq qıtlığı yenidən kəskinləşib.
FED.az xəbər verir ki, Moskva ətrafında bəzi yanacaqdoldurma məntəqələrində avtomobil növbələri bir kilometrədək uzanıb, bir sıra stansiyalar isə ümumiyyətlə benzin satışını dayandırıb və yalnız dizel yanacağı satmaqla məşğuldurlar.
Reuters-in jurnalistləri Moskva və Moskva vilayətində bəzi növbələrin 1 km-ə qədər uzandığını, bəzi məntəqələrdə benzinin tükəndiyini və yalnız dizel satıldığını müşahidə ediblər.
Qeyd edildiyi kimi, qıtlığın əsas səbəbləri ənənəvi olaraq yay mövsümündə yanacağa yüksək tələbat olması, amma ən əsası, Rusiyada neft emalı zavodlarının fəaliyyətinin pozulmasıdır. Ukrayna dronlarının Rusiya neft emalı obyektlərinə davamlı zərbələri ölkədə neft emalı prosesini pozub, Rusiyanın iri neft zavodlarının bir hissəsi fəaliyyətini dayandırmalı olub. Üstəlik, ölkənin ayrı-ayrı regionlarına benzin tədarükündə problemlər yaradıb.
Rusiya hökuməti vəziyyəti sabitləşdirmək üçün qeyri-adi addımlar atmağa məcbur olub. Benzin və dizel yanacağının ixracına məhdudiyyət qoyulub, yəni ölkədən xaricə benzin satışı dayandırılıb. Digər tərəfdən, bazara daha çox yanacaq daxil olması üçün indiyədək yanacağın keyfiyyətinə qoyulmuş bəzi standartlar yumşaldılıb.
Ən əsası, Rusiya xaricdən neft məhsullarının idxalına başlayıb. Aleksandr Novak idxalın artıq başladığını təsdiqləyib və açıqlayıb ki, Rusiyaya Hindistandan təxminən 68 min ton benzin gətirilib, yaxın vaxtlarda Hindistandan Rusiyaya daha 2 benzin partiyası göndəriləcək.
Amma bu tədbirlər də ölkədə yanacağa tələbatı tam qarşılımağa imkan verməyib, nəticədə Rusiyanın iri şirkətləri yanacağın satışına satış limitləri tətbiq edib. “Rosneft” bir avtomobilə benzin satışını 30 litrlə, “Tatneft” 50 litrlə məhdudlaşdırıb. “Gazprom Neft” avtomatlaşdırılmış stansiyalarda 40, adi məntəqələrdə isə 60 litr limit tətbiq edib.
Moskva üçün yanacaq qıtlığının xüsusi əhəmiyyəti var. Problem əvvəlcə regionlarda və Krımda hiss olunurdu, lakin paytaxt bazarına çatması təchizat zəncirinin daha geniş pozulduğunu göstərir.
Yanacaq defisiti biznesə bir neçə kanalla təsir edə bilər: yükdaşıma və kuryer xidmətlərinin xərci artır, kənd təsərrüfatı və tikinti texnikasının fəaliyyəti bahalaşır, pərakəndə qiymətlərdə əlavə inflyasiya yaranır.












