Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin “Equinor” şirkətinin “Qarabağ” yatağının işlənməsini həyata keçirmək üçün birgə əməliyyat şirkəti bu ay fəaliyyətə başlayacaq.
Eləcə də bax: "“Qarabağ” yatağında 60 milyon ton - NEFT VAR"
FED.az xəbər verir ki, bunu bu gün Bakı Dərin Özüllər Zavodunda "Qarabağ" əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov bildirib:
“Birgə əməliyyat şirkəti yaradılana qədər aralıq müddət var idi. Aralıq müddətdə SOCAR-ın və “Equinor” şirkətinin öhdəlikləri ayrı idi. “Equinor” şirkətinin öhdəlikləri qiymətləndirmə quyusunu qazmaq və yatağın ehtiyatlarını dəqiqləşdirmək idi. SOCAR-ın öhdəliyi isə dayaq blokunun, üst tikililərin inşası, yatağın işlənmə proqramının hazırlanmasıdır. Hazırda fəaliyyət göstərən “Qarabağ əməliyyat şirkəti həmin öhdəliklərin icrası ilə məşğuldur”.
Onun sözlərinə görə, “Qarabağ” birgə əməliyyat şirkəti Hollandiyada qeydiyyatdan keçib, yaxın günlərdə Azərbaycanda filialı yaradılacaq.
Baş direktor birgə əməliyyat şirkətinin icraçı direktorunun 3 ildən bir dəyişəcəyini, birinci 3 il müddətində əməliyyat şirkətinin icraçı direktorunun SOCAR-ın nümayəndəsi olacağını qeyd edib.
Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la "Equinor" (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50% paya malikdir.
Bu ilin mart ayında “Qarabağ” yatağının kəşfi təsdiqlənib. Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. (Report)