Yanvar ayında Azərbaycanın neft-qaz ixracı üzrə gəlirlərində kəskin azalma baş verib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, əsas azalma neft ixracı və gəlirləri ilə bağlı olub. Belə ki, xaricə ixrac olunan neftin həm həcmi, həm də orta qiyməti kəskin azalıb.
Gömrük Komitəsinin rəqəmlərinə əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycandan 1 milyard 238 milyon dollar dəyərində 2 milyon 643 min ton xam neft ixrac edilib.
FED.az xəbər verir ki, ixrac edilən xam neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 665 milyon dollar və ya 35%, miqdar ifadəsilə isə 818 min ton və ya 24% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 1 milyard 903 milyon dollar dəyərində 3 milyon 461 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 470 dollar təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 550 dollar idi. Bu da illik müqayisədə 14,5% ucuzlaşma deməkdir.
Neft gəlirlərini azalması nəticəsində onun ümumi ixracdakı payı da aşağı düşüb - yanvar ayında ümumi ixracın 55,37%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 62,63% təşkil etmişdi.
Yanvar ayında Azərbaycandan qaz ixracından gəlirləri də kəskin azalıb. Ötən ay Azərbaycandan xaricə 687,5 milyon dollar dəyərində 2 milyard 292 milyon kubmetr təbii qaz ixrac olunub.
Təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 183 milyon dollar və ya 21%, miqdar ifadəsilə isə 47 milyon kubmetr və ya 2% azdır.
Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 870,1 milyon dollar dəyərində 2 milyard 339 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kubmetrinin orta ixrac qiyməti 300 dollar (təxminən 510 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 372 dollar (təxminən 632 manat) idi. Bu da illik müqayisədə 72 dollar (122 manat) və ya 19% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 31%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 29% olmuşdu.
Başqa sözlə, təkcə yanvar ayında Azərbaycanın neft-qaz ixracından gəlirləri ümumilikdə 850 milyon dollar azalıb – 2025-ci ilin yanvarandı olan 2 milyard 773 milyon dollarlıq gəlir, 2026-cı ilin yanvarında 1 milyard 925 milyon dollara enib.










