Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə faciədən əvvəl iki saatdan çox birlikdə olduğunu, bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlərin müzakirə edildiyini bildirib.
FED.az xəbər verir ki, bunu dövlət başçısı mayın 21-də İranın Azərbaycandakı səfirliyində İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verdikdən sonra diplomatik missiyanın müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ilə söhbətində deyib:
“İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.