Problemli aktivlərin əvəzində əldə edilmiş nəqliyyat vasitələrindən səmərəli istifadə məsələsi Nazirlər Kabinetində müzakirə olunub.
Sentyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrindən səmərəli istifadə məsələsi müzakirə olunub. Toplantıda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, “Aqrarkredit” QSC, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbərləri iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının icrasının təmin edilməsi istiqamətində müzakirələr aparılıb və aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.