Macarıstanın paytaxtı Budapeştdə Yeni ili qarşılamaq üçün tədbirlərə indidən hazırlıq görülür. Bu qədim şəhərdə turistlər üçün hər addımda təzə ilin gəlişini xatırladacaq ecazkar mənzərələr və mənalı istirahət təklif ediləcək.
FED.az CNN telekanalının reportajına istinadla Dunayın incisi adlanan Budapeştin qış mənzərələrini və istirahət, habelə şopinq məkanlarını oxuculara təqdim edir.
Eləcə də bax: Yeni ildə azərbaycanlılar daha çox hara səfər ediblər?
Yeni il bazarları
Mərkəzi Avropanın Yeni il bazarları bütün dünyada məşhurdur. Budapeştin Vörösmarti meydanında və Müqəddəs Stefan bazilikasının yaxınlığında olan bazar isə onların arasında xüsusi yer tutur. Turistlər buradakı restoranlarda macar şərabının və milli yeməklərin dadına baxa, öz yaxınlarına Yeni il hədiyyəsi ala bilərlər. Vörösmarti meydanı bazarı Macarıstanın ən qədim məkanı və Mərkəzi Avropanın populyar istirahət yeri hesab olunur. Kafelərdə lanqos, təndirdə bişmiş keks və yerli sosiskaların da təklif edildiyi zəngin menyu var.
Müqəddəs Stefan bazilikasının gözəlliyi isə turistləri heyran edəcək. Burada sizə müxtəlif çeşiddə tortlar, başqa şirniyyatlar, əyləncələr, şərab və ənənəvi Yeni il hədiyyələri təklif ediləcək. Hər iki bazara giriş pulsuzdur.
Şəhər Parkının buz meydançası
Yeni il axşamı buz üstündə sürüşməyi sevənlər üçün Macarıstan paytaxtının Şəhər Parkının buz meydançası ideal məkandır. Qədim Vaydahunyad qəsrinin qarşısında yerləşən buz meydançası noyabrdan fevralın ortalarına qədər yerli sakinlərə və turistlərə xidmət göstərir. 1870-ci ildə açılmış meydança Avropada ən qədim və geniş istirahət yeridir. Meydança yay aylarında su il doldurulur və həmin müddətdə qayıqla şəhərin mərkəzində gəzintiyə çıxanların ixtiyarına verilir. Noyabr ayında isə dondurulan meydançada buz üzərində sürüşmək, onun ətrafındakı restoranlarda isə nahar və şam etmək olar.
Buraya giriş qiymətləri uşaqlar üçün 3,50 dollar, böyüklər üçün 5,25 dollar, ailə üçün isə 12,30 dollardır.
Spa və termal hamamlar
Qışın şaxtalı havasında isti termal hamamlarda istirahət etmək istəyənlər Budapeştin spa və termal hamamlarında dincələ bilərlər. Qeyd edək ki, Macarıstan paytaxtı Avropada “spalar şəhəri” adlandırılıb. Belə ki, hər gün 118 termal bulaqdan daxil olan 70 milyon litr termal su terapevtik vasitə kimi də istifadə olunur. Qədim Osmanlı ənənələrini yaşadan türk hamamları isə istər dincəlmək, istərsə də tibbi baxımdan çox faydalıdır.
Yeni il axşamı və ondan sonra məşhur Szeçenyi hamamında dincəlmək isə turistlərə xüsusi zövq verir. Hamamın içindəki 10 pillədən hoppanaraq hovuza girmək xüsusi ayinə bənzəyir. Burada çalışan təcrübəli masajçılar turistlərə bayırda şaxtalı qış havası olduğunu unutdurur. Macarıstan paytaxtının mərkəzində Rudas, Gellert, Lukaks, Çzaszar, Kırali, Palatinus hamamlarında saunalar, buxar kürsüləri, masaj otaqları fəaliyyət göstərir.
Yeni il işıqları ilə bəzədilmiş tramvay
Budapeştin mərkəzində gəzintiyə çıxanların diqqətini Yeni il işıqları ilə bəzədilmiş tramvay cəlb edir. Onu üzərində parlaq qar dənələrini xatırladan 39 min işıq lampacığı var. Tramvay səhər saat 5-dən gecəyarısına qədər işləyir. Romantik səyahət həvəskarları bu əsrarəngiz nəqliyyat vasitəsində Macarıstan paytaxtının qış mənzərəsini seyr edə bilərlər. “Ganz UV” adlanan və 50 yaşı olan bu tramvayda şəhərin mərkəzində Yeni il gecəsi keçirilən şənliklərin hamısını müşahidə etmək mümkündür. Onun vasitəsilə Budapeşti iki yerə bölən Dunay çayının bir sahilindən o birisinə də keçmək mümkündür.
Tramvayla gəzintiyə çıxmaq üçün xüsusi bilet satılmır. Paytaxtda 1,35 dollar qiyməti olan gediş kartlarından istifadə etmək olar.
Dunay çayında kruiz
Avropanın mərkəzində - Almaniyadan Qara dənizə qədər uzanan Dunay çayı Budapeştə xüsusi gözəllik verir. Yay və qış aylarında turistlərin ən populyar istirahət məkanı olan Dunayda kruiz zamanı səyahətçilər Macarıstanın parlament binasını, Buda qəsrini, Azadlıq heykəlini və Marqarita adasını seyr edə bilərlər.
Dunay kruizi qışda da gözəl olur. Yeni ilə qarşılayan turistlər komfortlu gəmilərdə şəhərin bir ucundan o biri ucuna gedərək Milad bayramı şənliklərini kənardan seyr edə bilərlər. Kruiz gəmisində onlara iaşə xidmətləri də göstərilir. Gündüz və gecə gəzintisi qiymətləri seçdiyiniz xidmətlərdən asılı olaraq fərqlidir. İçki ilə gündə üç dəfə yeməyin də daxil edildiyi daha bahalı kruizlə yanaşı, sadəcə gəzintinin daxil olduğu ucuz turist paketləri də təklif olunur. Qiymətlər 13,50 dollardan başlayır.
Andrassi prospekti və Moda küçəsi
Budapeştdə qış şopinqi ayrı bir aləmdir. Siz şəhərin mərkəzindəki butik dükanlardan sərfəli alış-veriş etməklə yanaşı, yaxınlıqdakı bulvarda gəzintiyə də çıxa bilərsiniz. Andrassi prospekti və Moda küçəsi bu baxımdan istər yay, istərsə də qış aylarında turistlərin ən çox sevdikləri məkandır. Yeni il gecəsi isə prospekt və küçənin əlvan işıqları və bulvarda qurulmuş gözəl küknar ağacı şəhərin mərkəzinə xüsusi gözəllik verir.
Səyahətçilər Qəhrəmanlar meydanı və Elizabet meydanını keçdikdən sonra Andrassi küçəsində Gucci, Ralph Lauren, Louis Vuitton, Burberry və Rolex kimi məşhur brendlərin mağazalarına rast gələcəklər. Onların ətrafını minlərlə işıq lampaları bəzəyir, prospektdə isə Yeni il ərəfəsində və fevralın ortalarına qədər qış attraksionları fəaliyyət göstərir.
Buda qəsri və Varkert bazarı
Budapeştin tacının inciləri Buda qəsri və Varkert bazarı hesab edilir. Orta əsrlərə aid olan Buda qəsri Macarıstan paytaxtının ən əzəmətli, gözəl və mənzərəli tikilisidir. Qəsrin həyətindəki Varkert bazarı isə özünün restoranları və barları ilə məşhurdur. Turistlərin sevimli istirahət məkanı olan bu restoranlarda yerli sakinlər əlamətdar günləri də qeyd edirlər. Hər iki tarixi memarlıq abidəsi qış aylarında, xüsusən Yeni il axşamı xüsusilə əsrarəngiz olur. Hündür təpənin üzərində yerləşən qəsrdən Budapeştin qarlı mənzərəsi açılır.
Buda qəsrində ilboyu mədəniyyət tədbirləri – konsertlər, balet və teatr tamaşaları təşkil olunur. Yeni il şənliyi isə dekabrın ikinci yarısı və yanvarın əvvəlində keçirilir. Şənlikdə yerli şairlər, aktyorlar, müğənnilər və rəqqaslar iştirak edirlər.