Azərbaycanda fəaliyyət göstərən türk iş adamları və idarəçilərini birləşdirən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin növbəti ənənəvi iftar yeməyi tədbiri keçirilib.
FED.az xəbər verir ki, Müqəddəs Ramazan ayında təşkil edilən tədbidə rəsmi şəxslər, millət vəkilləri, iş adamları, idarəçilər, ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak edib. Həmçinin şəhid və qazilərin ailə üzvləri iftar yeməyinə fəxri qonaq olaraq dəvət edilib.
TÜİB Azərbaycan-Türkiyə arasında işgüzar və mədəni-humanitar əlaqələrinin güclənməsində mühüm rol oynayır, bundan başqa, təşkilat bir sıra vacib təşəbbüslərin müəllifidir.
Belə təşəbbüslərdən biri Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərə dəstək üçün yaradılan «Tək millət, tək ürək» platformasıdır. Platforma çərçivəsində qazilər, şəhid ailələri, şəhid övladlarına dəstək üçün bir sıra layihələr reallaşdırılmaqdadır.
Şəhid övladlarının xaricdə təhsili layihəsi çərçivəsində hazırda 19 şəhid ailə üzvü Türkiyənin Sivas Universitetində pulsuz təhsil alır, bütün xərclər isə TÜİB üzvləri tərəfindən qarşılanır.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə reallaşdırılan «Qardaş ailəsi» layihəsi çərçivəsində isə TÜİB üzvləri indiyədək 2300 ailəyə baş çəkib, problemləri ilə maraqlanıb və dəstək veriblər. Eləcə də bu layihə çərçivəsində şəhid ailələrinin Türkiyənin müxtəlif bölgələrinə səfərləri təşkil edilir, onlara qayğı və ehtiram göstərilir.
Bu il fevralın 6-da Türkiyədə baş verən zəlzələ zamanı isə TÜİB və üzvləri Azərbaycandan Türkiyəyə dəstəyini göstərib. Bu çərçivədə yardım göstərən iş adamlarına təşəkkür plaketləri təqdim edilib.
Tədbirdə iştirak edən Sərvər Bəşirliyə TÜİB-in İdarə heyətinin sədri Hüseyin Büyükfırat “Türkiyə-Azərbaycan kardeşliğinin Gönül elçisi” plaketini təqdim edib.