Azərbaycanda dövlət müəssisələrinin maliyyə dayanıqlığının qiymətləndirilməsi üçün vahid sistem yaradılmalıdır.
Azərbaycanda ilk dəfə: "Büdcəyə 40-dan çox dövlət şirkətindən dividend ödəniləcək" - 900 MİLYON MANAT
FED.az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət maliyyəsinin səmərəli idarə olunması siyasəti çərçivəsində bir sıra addımlar atılır: "Artıq dövlət müəssisələrinin xalis mənfəətinin azı 30 %-nin dividend şəklində dövlət büdcəsinə yönəldilməsi mexanizmi müəyyən edilib. Eyni zamanda dövlət müəssisələrinin borclanmaları üzrə ümumi limitin tətbiqi, maliyyə hesabatlılığının gücləndirilməsi və müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi nəzərdə tutulur. Hazırda 40-a yaxın dövlət müəssisəsində bu proses həyata keçirilir. Bu, dövlət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasında, borcların və zərərlərin, səmərəsiz xərclərin və dövlət büdcəsi üçün əlavə risklərin qarşısının alınmasında mühüm addımlardır. Hesab edirəm ki, nəzarət mexanizmləri yalnız dividend daxilolmalarının artırılmasına deyil, müəssisələrin real iqtisadi səmərəliliyinin yüksəldilməsinə də xidmət etməlidir".
M. Məmmədli qeyd edib ki, bu istiqamətdə iki konkret təklfim var: "Birincisi, dövlət müəssisələrinin maliyyə dayanıqlığı, borc yükü, rentabelliyi və büdcədən asılılıq səviyyəsi üzrə vahid qiymətləndirmə sistemi formalaşdırılsın. İkincisi, dividend siyasəti tətbiq edilərkən müəssisələrin investisiya ehtiyacları və sosial funksiyaları nəzərə alınsın. Xüsusilə səhiyyə, təhsil və digər sosial xidmət sahələrində maliyyə qənaəti xidmət keyfiyyətinin aşağı düşməsi hesabına əldə edilməməlidir". (Report)













