Kredit götürən vətəndaşlar gələcəkdə iş yerlərini itirdikləri halda borc öhdəliklərini sığorta vasitəsilə qarşılamaq imkanı əldə edə bilərlər. Yeni mexanizmə əsasən, banklar kredit rəsmiləşdirilərkən müştərilərə işsizlikdən sığortalanma imkanını təklif etməlidirlər. Bununla belə, sığortadan istifadə etmək və ya etməmək borcalanın öz seçimindən asılı olacaq.
FED.az xəbər verirki, bu mexanizmin tətbiqi zamanı əsas şərtlərdən biri vətəndaşın rəsmi əmək müqaviləsi əsasında çalışmasıdır. Belə ki, kredit götürdükdən sonra iş yerini itirən şəxsin qalan kredit borcunun sığorta şirkəti tərəfindən banka ödənilməsi nəzərdə tutulur.
Məsələn, vətəndaş 10 min manat kredit götürüb və aylıq 500 manat ödəniş müəyyən edilibsə, o, üç ay ərzində banka ümumilikdə 1 500 manat ödədikdən sonra işini itirərsə, qalan 8 500 manatlıq borcun sığorta hesabına qarşılanması mümkün olacaq. Bu halda iş yerinin ixtisar nəticəsində itirilməsi, müəssisənin fəaliyyətini dayandırması və digər nəzərdə tutulan hallar əsas götürülə bilər.
Yenidən işlə təmin olunduqdan sonra vətəndaşın kredit ödənişlərini davam etdirməsi də mexanizmin nəzərdə tutulan məqamlarındandır.
Deputat Vüqar Bayramovun sözlərinə görə, yeni yanaşma həm bankların kredit risklərinin azaldılmasına, həm də işsiz qalan vətəndaşların maliyyə yükünün yüngülləşdirilməsinə xidmət edir.
O bildirib ki, kredit sığortasından istifadə faiz dərəcələrinə də müsbət təsir göstərə bilər. Məsələn, 25 faizlə təklif olunan istehlak kreditlərinin faizinin 21 faizə endirilməsi kimi yanaşmalar müzakirə olunur.
Məsələ ilə bağlı səsləndirilən fikirlərə görə, iş yerini itirən şəxsin gəlirləri azalsa da, gündəlik xərcləri və kredit öhdəlikləri qüvvədə qalır. Bu baxımdan, əlavə sığorta təminatı borcalanın çətin maliyyə vəziyyətinə düşdüyü dövrdə mühüm dəstək rolunu oynaya bilər.
Qeyd edək ki, mexanizmin real səmərəsi sığorta haqqının məbləğindən, müqavilədə nəzərdə tutulan şərtlərdən və hansı işdənçıxarılma hallarının sığorta təminatına daxil edilməsindən asılı olacaq. Buna görə də vətəndaşların kredit müqaviləsi ilə yanaşı, sığorta şərtlərini də diqqətlə nəzərdən keçirməsi vacibdir.















