“Beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan və ermənilərin nəzarətində olan Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalar daha da intensivləşib. Regionda yaranan bu vəziyyət qlobal səviyyədə diqqətin Cənubi Qafqaz ölkələrinə yönəldilməsinə səbəb olub”.
Eləcə də bax: Separatçılar ermənilərin yarısının Qarabağdan qaçdığını - Təsdiqlədilər
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.
Qurumun araşdırmasına görə, 3 milyona yaxın əhalisi olan Ermənistan müstəqillik qazandığı gündən indiyə qədər kəskin demoqrafik problemlər yaşayır.
"BMT-nin 2019-cu il üzrə Beynəlxalq Miqrasiya hesabatına əsasən, 1990-cı ildən bu günədək Ermənistanda ölkə əhalisi təxminən 16% azalıb. Bu cür kəskin azalma tendensiyası ölkədə doğum nisbətinin aşağı düşməsi, daha da önəmlisi isə miqrasiya səviyyəsinin artması ilə əlaqədardır. 2018-ci ilin hesablamalarına görə, bu ölkədə xalis miqrasiya əmsalı mənfi olub və hər 1000 nəfərə 5.6 mühacir təşkil edib.
Ermənistandakı ümumi sosial-demoqrafik mənzərə bizə əsaslı olaraq iddia etməyə imkan verir ki, mühacirətin davamlı xarakter alması bu ölkə üçün tükəndirici faktora çevrilə bilər və hazırda elə həm də çevrilməkdədir. Demoqraflar həyəcan təbili çalaraq bildirirlər ki, Ermənistan “yaşlanır” və bunun əsas səbəblərindən biri də miqrasiyadır. Ölkədən gedən insanların yaş qrupları üzrə bölgüsünə baxdıqda problemin daha da dərin olduğunu görürük. 2019-cu il dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı millət vəkili Ruzanna Arakelyan Ermənistanın bəzi kəndlərindən böyük sayda mühacirət olduğunu və kəndlərdə artıq gənclərin demək olar ki, qalmadığını söyləyib (Armenpress.am). UNFPA layihə koordinatoru Anna Hovhannisyan bildirirdi ki, “Ölkədən miqrasiya axını yaş qruplarının tərkibində ciddi kənarlaşmalara səbəb olur” . Son 30 ildəki illik emiqrasiya səviyyəsini nəzərə aldıqda, bu fikirlər təəccüb doğurmur.
Ermənistanda miqrasiya heç də yeni fenomen deyil. Ölkənin müstəqillikdən sonrakı dövrü davamlı olaraq ölkədən miqrant axını ilə xarakterizə olunur. 1990-cı illərdə miqrasiya daha sərt xarakter almış, bir milyondan çox insan ölkəni tərk edib. Sovet İttifaqının dağılmasından sonra ölkənin üzləşdiyi ağır iqtisadi böhran, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə nəzarətin ələ keçirilməsi uğrunda müharibənin ağır yükü bu illərdə ölkədən miqrasiyanın artmasına səbəb olan əsas amillərdəndir. Müstəqilliyin ilk illərində təqribən 20 faiz əhalinin ölkədən getməsinin ölkədə sosial-iqtisadi və siyasi problemləri daha da dərinləşdirdiyi fikri ilə yəqin ki, bir çoxları razılaşar.
Beləliklə, heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, miqrasiya və çoxtərkibli diaspora (olduqca həssas və mübahisəli məsələdir) bir tərəfdən Ermənistanın iqtisadi həyatından qaynaqlanır, digər tərəfdən ona ciddi təsir göstərir. Mütəxəssislərin hesablamalarına görə, Ermənistandakı ailələrin üçdə biri miqrantların, xüsusilə mövsümi əmək miqrantlarının evlərinə göndərdikləri pul köçürmələri hesabına yaşayırlar . Qısamüddətli perspektivdə ölkənin tədiyyə balansı üçün müsbət amil kimi görünsə də, uzunmüddətli perspektivdə xaricdən pul köçürmələrindən bu cür asılılıq ölkənin xarici iqtisadi şoklara qarşı həssaslığını olduqca artırır.
Bundan əlavə, mütəxəssislərin qısamüddətli miqrant ailələri ilə müsahibələri də göstərir ki, pul köçürmələri əsasən yaşamaq üçün ən vacib olan gündəlik ehtiyaclar üçün istifadə olunur [və bəzən bu köçürmələr yaşayış xərclərini qarşılamaq üçün ailənin yeganə gəlir mənbəyi olur] və “əsas qayğı yemək almaq və ailəni saxlamaqdır... ”. Ümumilikdə, bu kimi tendensiyalar yavaş-yavaş Ermənistanda istehlak yönümlü iqtisadiyyatın formalaşmasına gətirib çıxarıb.
Digər tərəfdən, erməni diasporunun ölkə iqtisadiyyatına töhfəsi əsasən investisiya və ianələr şəklində həyata keçirilir. Hökumət də dünyadakı erməni diasporalarını ölkənin iqtisadi inkişafına töhfə verməyə çağırır ki, bu da, öz növbəsində, mahiyyət etibarilə diasporanın siyasətdə də iştirakına gətirib çıxara bilir. Bu cür iştirakın ölkənin çiçəklənməsi baxımından nə qədər effektiv olması aydın deyildir, lakin görünən budur ki, artıq miqrasiya hökuməti tənqid etmək istəyən, ölkənin siyasi mənzərəsinə təsir etməyə çalışan siyasi müxalifət üçün aktual mövzuya çevrilir.
Bu cür təzyiqləri aradan qaldırmaq məqsədilə hökumət vaxtaşırı olaraq diasporanın ölkəyə qayıtması üçün təşəbbüslər irəli sürür. Bu gün Ermənistan hökuməti iddia edir ki, o ölkədən mühacirəti sürətləndirən bir neçə faktoru, məsələn, “müxtəlif təzyiq mexanizmləri, hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz hərəkətləri, iqtisadi fəaliyyətlərə tətbiq olunan məhdudiyyətləri” və s. artıq aradan qaldırıb. "(Armenpress.am). Bu iddiaların nə dərəcədə gerçək olduğunu dəqiq söyləmək mümkün deyildir. Buna baxmayaraq, həyat şəraitini yaxşılaşdıra bilmək üçün hər il on minlərlə insanın ölkəni tərk etməsi göstərir ki, Ermənistanı “yaşamaq üçün ən yaxşı yer” halına gətirmək üçün bu ölkədə hələ də görüləsi işlər çoxdur", - deyə İİTKM bəyan edib. (Report)