Aprelin 11-də Pakistanda baş tutan ABŞ-İran danışıqlarının ilk mərhələsi uğursuz olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hər halda hər iki tərəf gündəlikdəki əsas məsələlərlə bağlı razılaşma əldə edilmədiyini bildirib. Bu məsələ ilə bağlı ABŞ və İran rəsmilərinin mövqeləri yalnız bir məsələdə üst-üstə düşüb – bu da danışıqların uğursuz olmasıdır.
“İslamabad danışıqları uğursuz oldu, amma diplomatiya heç vaxt bitmir”. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İslamabad danışıqlarını şərh edərkən bildirib. O bildirib ki, İran və ABŞ bir sıra məsələlərdə anlaşma əldə ediblər amma 2-3 vacib məsələdə fikir ayrılıqları olub.
Sözçü həmçinin qeyd edib ki, danışıqlar raundu 24 və ya 25 saat davam edib.
“Bu danışıqlar 40 günlük məcburi müharibədən sonra, inamsızlıq və şübhə mühitində keçirildi. Təbii ki, əvvəldən bir görüşdə razılığa gələcəyimizi gözləməməli idik. Bunu heç kim gözləmirdi”, - deyə o bildirib.
Danışıqlarda ABŞ-ı təmsil edən ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens də razılaşma əldə olunmadığını açıqlayıb. “Bir sıra əsaslı müzakirələr aparmışıq. Bu, xoş xəbərdir. Pis xəbər isə odur ki, biz razılığa gələ bilmədik”.
Vitse-prezident deyib ki, bu ABŞ-dan çox İran üçün pis xəbər olmalıdır: “Düşünürəm ki, bu, ABŞ üçün pis xəbərdən daha çox İran üçün pis xəbərdir. Beləliklə, biz razılığa gəlməmiş ABŞ-yə qayıdırıq. İranın şərtlərimizi qəbul etməyə hazır olduğu bir vəziyyətə gələ bilmədik. Düşünürəm ki, biz kifayət qədər çevik idik və kifayət qədər güzəştə getdik”, - deyə o bildirib.
Vens ABŞ-nin İranın nüvə silahı əldə etməyə çalışmayacağına dair təsdiq axtardığını vurğulayıb:
“Onların nüvə silahı əldə etməyə çalışmayacaqlarına və nüvə silahına tez bir zamanda nail olmağa imkan verəcək vasitələr axtarmayacaqlarına dair qəti bir öhdəlik görməliyik. Bu, ABŞ prezidentinin əsas məqsədidir və biz bu danışıqlar vasitəsilə buna nail olmağa çalışmışıq”.


















