Azərbaycanda yeni qaz emalı zavodunun tikintisi nəzərdə tutulur.
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “TotalEnergies” şirkətinin idarəedici direktoru Emmanuel de Guillebon və SOCAR-ın vitse-prezidenti Babək Hüseynov arasında görüş keçirilib.
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfə artıb
SOCAR-ın məlumatına görə, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, “Abşeron” qaz-kondensat yatağının ikinci fazası çərçivəsində nəzərdə tutulan qaz emalı zavodunun elektrik təchizatı müzakirə olunub.
Qeyd edək ki, yeni qaz emalı zavodu SOCAR və “Abşeron” layihənin digər əsas tərəfdaşı olan Fransanın TotalEnergies şirkətinin (həmçinin sonradan pay alan BƏƏ-nin ADNOC şirkətinin) planlarına əsasən inşa edilir. Qaz emalı zavodu Xəzər rayonunun Şüvəlan qəsəbəsi yaxınlığındakı sahildə qurulur.
Zavodun Abşeron yarımadasındı yerləşəcəyini Bakı Enerji Forumu zamanı TotalEnergies şirkətinin Avropanın kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jan-Lük Quziou elan etmişdi.
Zavodun Şüvəlanda yerləşəcəyini imkanını da yenə də «TotalEnergies» açıqlayıb. Şirkətin rəsmi Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMTQ / ESIA) hesabatlarında dənizdən gələn boru xəttinin quruda birləşəcəyi və emal infrastrukturunun qurulacağı yer kimi ilkin olaraq Xəzər rayonu/Şüvəlan sahili və alternativ olaraq Səngəçal sahəsi qeyd olunur.
Zavodun əsas məqsədi "Abşeron" yatağından hasil edilən xam qazı və kondensatı qəbul etmək, onu sənaye və məişət standartlarına uyğun şəkildə emal edərək (təmizləyərək) birbaşa Azərbaycanın daxili qaz şəbəkəsinə və ixrac kəmərlərinə ötürməkdir. Zavodun göstəriciləri barədə hələlik geniş məolumat verilməsə də onun illik 4-5 milyard kubmetr qazı emal etmək gücündə olacağı gözlənilir – bu «Abşeron»dan gözlənilən qaz həcminə uyğundur.
«Abşeron» yatağında hazırda Faza-1 (İlk Hasilat Sxemi) çərçivəsində ildə təxminən 1.5 milyard kubmetr qaz hasil olunur. Lakin tikiləcək bu yeni qaz emalı zavodu məhz Faza-2 üçün nəzərdə tutulub. Faza-2 işə düşdükdən sonra isə yatağın ümumi hasilat gücü ildə təxminən 5-6 milyard kubmetrə çatacaq. Yeni zavod bu həcmdə qazı qəbul edib emal etmək gücündə olacaq.
SOCAR-da keçirilən görüşdə zavodun elektrik təchizatının ayrıca müzakirə olunması təsadüfi deyil. Məsələ bundadır ki, hazırda qlobal neft-qaz sənayesində "karbonsuzlaşma" (dekarbonizasiya) əsas şərtdir. «TotalEnergies» və SOCAR isə bu tələblərə uyğun olaraq yeni zavodun fəaliyyəti zamanı ətrafa atılan karbon tullantılarını minimuma endirmək istəyir. Buna görə də zavodun elektrik enerjisi ənənəvi qaz turbinlərindən deyil, birbaşa dövlət enerji şəbəkəsindən (Azərenerji) və ya yaxınlıqda qurulacaq bərpa olunan (günəş/külək) enerji mənbələrindən təmin edilməsi planlaşdırılır. Müzakirələrin mövzusu da bu formada ekoloji təmiz elektrik infrastrukturunun qurulmasıdır.
Xatırladaq ki, «TotalEnergies»in rəsmi «Absheron Full Field Development» layihə sənədlərinə görə, «Abşeron» yatağının işlənməsi üzrə Faza-2 çərçivəsində quraşdırılacaq 3 dərinsulu quyudan pik dövrdə sutkada 12.7 milyon kubmetr qaz hasil ediləcək. Bu proqnoz özünü doğrultsa illik 4,5 milyard kubmetr təbii qaz çıxarılması gözlənilir. İndiki Faza-1 mərhələsində (illik 1,5 milyard kubmetr) hasilatı da bura əlavə etdikdə, yatağın ümumi gücü ildə 5-6 milyard kubmetr təşkil edəcək.













