Azərbaycanda ilk dəfə olaraq sənaye məqsədli meşə salınması üzrə pilot layihəyə start verilməsi nəzərdə tutulur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib.
Azərbaycanda ilk dəfə: Pavlovniya ağacına yatırım sərfəlidirmi? – YENİ LAYİHƏ BAŞLAYIR
Onun sözlərinə görə, layihə çərçivəsində pavloniya və sürətlə böyüyən digər ağac növlərindən istifadə etməklə meşə təsərrüfatının yeni modeli formalaşdırılacaq:
«Hazırda Azərbaycanda sənaye məqsədli meşələr mövcud deyil. Lakin cəmiyyətdən və yerli sahibkarlardan bu istiqamətdə müraciətlər daxil olub. Dünya təcrübəsinə baxdıqda, sənaye meşələrinin salınması geniş tətbiq olunur -xüsusilə Çində, həmçinin Almaniya və İspaniyada, Özbəkistanda isə son dövrlərdə geniş şəkildə həyata keçirilir».
Nazir bildirib ki, Özbəkistan nümaynədələr ilə görüşdə pavloniya və qovaq ağaclarının əkilməsi qərara alınıb: «Bizim özbək tərəfdaşlarımızla görüşdə pavloniya və tez bitən qovaq ağaclarının əkilməsi təşəbbüsü irəli sürülüb və bu məsələ araşdırılıb. Hesab edirik ki, bu növ ağaclardan sənaye meşəsi məqsədilə istifadə, sahibkarlar vasitəsilə meşəsalmanı həyata keçirmək Azərbaycan üçün irəliləyiş olacaq. Bu, meşələrin sürətlə bərpasına imkan verəcək və əhalimiz də bundan yararlana biləcək».
Qeyd edək ki, hazırda dünyada sənaye meşəsalmasının əsasında daha çox pavloniya ağacı dayanır, amma Azərbaycanda pavloniya indiyədək təbii olaraq bitməyib. Ona görə də, nazir deyib ki, bu ağacların əkilməsinə başlamazdan əvvəl, onlarla bağlı pilot layihə həyata keçiriləcək.
«Əsas məqam Pavloniya ağaclarının Azərbaycan üçün xas olmamasıdır, buna görə də məsələyə həssas yanaşırıq. 100 hektar ərazidə pilot layihəyə başlanılır və nəticələrdən asılı olaraq növbəti addımlar atılacaq. Eyni zamanda, layihənin səmərəliliyi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlıq edilir, xarici mütəxəssislər də cəlb olunur. Avropa ölkələrində də bu tip ağac əkilməsi aktiv şəkildə həyata keçirilir» - deyə nazir əlavə edib (Trend).













