Azərbaycanın Təbriz şəhərindəki konsulu Ramil İmranov avtomobil qəzası nəticəsində ölüb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin “X” hesabında yayılan məlumatda deyilir:
“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”.
İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu də ötən gün Təbrizdəki konsulumuz Ramil İmranovun qəzada ölümü ilə bağlı başsağlığı verib.
Səfir bu haqda sosial şəbəkədə məlumat yayıb.
“İranda Azərbaycan Respublikasının konsulu, hörmətli Ramil Rza oğlu İmranovun vəfatı xəbərini dərin hüznlə qarşıladım. Bu ağır itkini onun ailəsinə, dostlarına və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm. Xidmət borcunu yerinə yetirərkən həyatını itirmiş bu dəyərli həmkarımıza Uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm”, - o qeyd edib.















