Azərbaycan biznesini maraqlı yeniliklər gözləyir. Ölkədə cəhmdar və payçı şırkətlərin idarə edilməsi ilə bağlı qaydalar dəyışir. FED.az xəbər verir ki, bundan sonra iri səhmdarlar və menecment rəhbərlik etdikləri qurumları daha məsuliyyətlə idarə etməli olacaqlar, əks halda onları ciddi cəzalar gözləyəcək. Bütün bunlar Mülki Məcəlləyə edilən dəyişikliklərdə əksini tapıb. Prezident ilham Əliyevin təsdiqlədiyi dəyişikliklərdə Məcəlləyə aşağıdakı yeniliklərin edilməsi nəzərdə tutulur:
1. 49.3-cü maddə üzrə:
1.1. birinci cümləsində “və ehtiyatlı” sözləri “, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz” sözləri ilə əvəz edilsin;
1.2. üçüncü cümləsində “iştirakçılarının” sözü “nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının)” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 49.4-49.6-cı maddələr əlavə edilsin:
“49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:
49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;
49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;
49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;
49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;
49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;
49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.
49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.
49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.”.
3. 90-1.2-ci maddənin ikinci cümləsində “Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis” sözləri “Xalis” sözü ilə əvəz edilsin.
4. 91-4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“91-4.3. Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər.”.
5. 93-cü maddə üzrə:
5.1. 93.2-ci maddədən “, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa,” sözləri çıxarılsın;
5.2. 93.3-cü maddənin birinci cümləsindən “, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın” sözləri çıxarılsın, həmin maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir.”.
6. 99.2.8-ci maddədə “üzvlərinə” sözü “hər bir üzvünə” sözləri ilə əvəz edilsin.
7. 104.2-ci maddənin ikinci cümləsində “şəxs” sözündən sonra “bütün” sözü əlavə edilsin.
8. 107-7.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri üçün sayı və onlara dair tələblər qanunla da müəyyən edilə bilər.”.
9. 107-12.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“107-12.3. Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzləri audit komitəsinin üzvü ola bilərlər.”.
10. 339-cu maddə üzrə:
10.1. 339.1-ci maddəyə “bağlanmış” sözündən sonra “, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan” sözləri əlavə edilsin;
10.2. aşağıdakı məzmunda 339.6-cı maddə əlavə edilsin:
“339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.”.