Son iki ildə dünyada baş verən qlobal pandemiya ilə əlaqədar məhdudiyyətlərin tətbiqi müəyyən mağazaların, obyektlərin fəaliyyətinin dayandırılması nəticəsində onlayn alış-verişə tələbatı artırdı. Ənənəvi fəaliyyətə icazə verilməsə də, iaşə obyektləri onlayn formada fəaliyyət göstərirdi.
Eləcə də bax: “Wolt”un kuryerləri kütləvi etiraz etdi - AÇIQLAMA
Bu müddət ərzində Azərbaycanda fəaliyyət göstərən "Wolt", "Bolt Food" kimi çatdırılma xidmətləri aktivləşdi. İşçi qüvvəsinin əsasını gənclər təşkil edən bu şirkətlərin kuryerləri məsafədən asılı olaraq velosiped və mopedlər vasitəsilə çatdırılma həyata keçirməyə başladılar və getdikcə daha da çoxaldılar. Amma apardığımız araşdırma nəticəsində bəlli oldu ki, kuryerlərin sayı getdikcə artsa da, bu sahədə ciddi boşluqlar, onların hüquqlarının pozulması, istifadə etdikləri nəqliyyat vasitəsinə görə təhlükəsizlik səbəbindən sürücülük vəsiqəsinin tələb olunmamasının zaman-zaman mübahisə doğurması kimi hallar mövcuddur.
İlk olaraq Azərbaycanda kuryer fəaliyyəti ilə məşğul olanların hüquqlarının necə qorunduğunu araşdırdıq.
Məhz bu sahədə çalışan gənclərlə söhbətimiz zamanı bəlli oldu ki, onları narahat edən əsas məsələ tarif qiymətlərinin aşağı olmasıdır. Son vaxtlar qiymət artımlarını nəzərə alaraq yaz və yay aylarında tariflərin aşağı salınmasının əleyhinədirlər.
Üç ildir kuryer fəaliyyəti ilə məşğul olan Murad (şərti ad) əvvəl "Bolt Food", sonradan isə "Wolt"da çalışdığını qeyd edir. O, bildirir ki, aylıq gəlirləri təxminən 500-700 manat olur. "Wolt" şirkəti tərəfindən 100 manat depozitlə çanta, 3 mövsümlük geyim, iki köynək verilir. Həmin geyimləri sonda qaytardığın təqdirdə ödəniş geri qaytarılır. Əvvəllər isə bu təminatlar pulsuz olub. Həmçinin su keçirməyən şalvar və kaska götürdüyün halda hər biri üçün əlavə 15 manat ödəniş etməlisən. Kuryer qeyd edir ki, "Bolt Food"da isə təkcə daşıma çantası 70 manatdır. Təbii ki, digər əşyalar üçün də ödəniş etməlisən.
Kuryerlərin əsas problemi - aşağı tariflər
İlkin (şərti ad) deyir ki, ölkədə müəyyən qiymət artımları olsa da, tariflərdə artım olmayıb. Vurğulayır ki, tariflər ölkə reallığına uyğunlaşdırılmayaraq daha da aşağı salınıb:
"Xüsusən yaz və yay aylarında tarifləri aşağı salırlar. Qışda isə tariflər yüksəlir. Bunun nə ilə əlaqədar olduğunu tam olaraq bilmirik. Qış aylarında işləmək çətin olduğu üçün işçi sayı daha az olur".
Hər çatdırılmaya görə ödəniş aldıqlarını deyən İlkin bildirir ki, onlar həmin məbləği aylıq maaş şəklində deyil, günlük alırlar. Bu məbləğlər həm kart, həm də nağd şəkildə verilir. Məsələn, günlük çatdırılmaların bəziləri karta köçürülür, müəyyən ödənişləri isə nağd şəkildə alırıq. Hər kilometr üçün 80 qəpik hesablanır. Tariflər minimum 1.60 AZN-dən başlayır, aylıq minimum qazanc 200-300 manat, normal gəlir isə 700-800 manat olur.
Ötən ay "Wolt" şirkətinin 100-dən çox işçisinin etirazı da bununla bağlı olub. Onlar maaşlarının az olmasına görə şirkətin mobil tətbiqini dondurmuşdu. Şirkətdən isə maaş artımı tələb edən işçilərə işləmək istəyən, növbədə gözləyən yüzlərlə insanın olduğu bildirilmişdi.
Kuryerlərin əmək müqaviləsi ilə işləməsi vacibdir
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov açıqlamasında bildirib ki, aparılan monitorinqlərə görə xidmət sektorunda əmək müqaviləsi ilə işləməyənlərin sayı heç də az deyil. Baxmayaraq ki, əmək bazarının leqallaşdırılması ilə bağlı işlər həyata keçirildi, müəyyən irəliləyişlər var. Bu istiqamətdə addımlar atılsa da, hələ qeyri-qanuni fəaliyyət göstərən, əmək müqaviləsi bağlamadan işləyən işçilərin sayı çoxdur.
Deputat qeyd edib ki, çatdırılma xidməti göstərən şirkətlərdə fəaliyyət göstərənlərin də əmək müqaviləsi və ya xidməti müqavilə ilə fəaliyyət göstərməsi olduqca vacibdir: "Ödənişlər mütəmadidirsə, o halda xidməti deyil, əmək müqaviləsi ilə işləməsinə ehtiyac var, çünki bu həm də əmək hüquqlarının qorunması baxımından lazımdır. Artıq postkarantin dövrüdür, indiki halda əmək bazarında leqallaşdırılmanın təşviq edilməsi, bu istiqamətdə işlərin gücləndirilməsi əhəmiyyətlidir. Bu həm əmək hüquqlarının daha yaxından qorunmasına, həm də dövlət büdcəsinə daxilolmalara birbaşa təsir göstərə bilər".
Əmək hüquqları qorunmayan kuryerlər
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov açıqlamasında bildirib ki, aqreqator rolu oynayan transmilli şirkətlərin Azərbaycanda təşkil etdiyi çatdırılma və taksi xidmətləri ilə bağlı 3 əsas problem var.
Onlar aqreqatordur və ölkəmizin qanunlarına əməl etmədən, heç bir investisiya qoymadan xidməti təşkil edirlər və buradan öz faizlərini götürürlər. Eyni zamanda işçilərlə əmək müqaviləsi bağlamırlar:
"Avropa İttifaq (Aİ) ölkələrində həm taksi şirkətlərində çalışanların, həm də kuryerliklə məşğul olanların əmək müqaviləsi yox idi, amma məsələ o qədər böyüdü ki, Aİ-nin bir çox ölkəsi artıq həmin aqreqatorları işçilərlə əmək müqaviləsi bağlamağa məcbur etdilər. Əmək müqaviləsi olduqda onlar bir neçə növ sığorta ilə əhatə olunurlar. Bura icbari dövlət sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, tibbi sığorta və işsizlikdən sığorta və üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası daxildir".
Sahib Məmmədov qeyd edib ki, əmək müqaviləsi olmadıqda, işçilərlə xidməti müqavilə imzalandıqda heç bir hal tənzimlənmir: "Onlar qəzaya uğrayıb sağlamlıqlarını itirəndə, həlak olanda, texnikalarına zərər dəyəndə, üçüncü şəxsə ziyan vuranda öhdəlikləri özləri qarşılamalı olurlar".
İnhisarçılığa son qoyulmalıdır
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədrinin sözlərinə görə, digər problemlərdən biri daşıyıcıların hərəkət iştirakçılarına və özlərinin təhlükəsizliyinə xələl gətirməsidir. Bununla şəhərdə hərəkətin intensiv təşkilinə mane olurlar.
Bundan başqa, xüsusən ərzaq daşıyıcıları tibbi yoxlamadan keçirilmədən işə qəbul olunurlar. Onların hansısa infeksion xəstəliyi, psixoloji problemləri ola bilər. Ərzaqla işləyənlər həm işə qəbul olunanda, həm də mütəmadi olaraq tibbi yoxlamadan keçməlidirlər. Eyni zamanda onların ərzaq daşıdıqları qutuların sanitar-gigiyenik tələblərə cavab verib-vermədiyi yoxlanılmalıdır. Bu problemlərin hamısını tənzimləmək lazımdır. İlk növbədə aqreqatorlar qarşısında vəzifə qoyulmalıdır ki, işçilərlə mütləq əmək müqaviləsi bağlasınlar və onlar bütün sığorta növləri ilə əhatə olunsun. Həmçinin kuryerlər tibbi yoxlamadan keçmədən xidmətə buraxılmasınlar.
Sahib Məmmədov vurğulayıb ki, işin xarakterinə görə sahibkar işçilərlə mülki hüquqi müqavilə də bağlaya bilməz. Onun sözlərinə görə, bu məsələdə haqsız rəqabət məsələsi də mühüm yer tutur, çünki bu şirkətlər bazarda 35 faizdən çox yer tuturlar, yəni monopolist sayılırlar. Məsələ ilə bağlı müvafiq qurumlar işə cəlb olunmalı, bir yerdə qərar verməlidirlər.
Bildirək ki, "Bolt Food" və "Wolt"un mobil tətbiqləri vasitəsilə sifariş verə və ödənişi həm onlayn, həm də nağd şəkildə edə bilərsiniz. Hazırda minimal sifarişin həcmi 6 manat, standart çatdırılma qiyməti isə 1.50 manat təşkil edir. Ümumilikdə 4 kilometr məsafəyə qədər çatdırılma tarifi 3 manatdır.
Sonda onu da vurğulayaq ki, "Wolt" mərkəzi Helsinkidə yerləşən qida çatdırılma platformasıdır. 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində on restoranla birlikdə fəaliyyətə başlayıb. Hazırda 23 ölkə və 180-dən çox şəhərdə fəaliyyət göstərir. Ötən ilin məlumatına görə, şirkətin 45 mindən çox ticarət tərəfdaşı, 90 min kuryer partnyoru var. 12 milyondan çox istifadəçi isə qeydiyyatdan keçib. "Wolt Azerbaijan" 4 şəhərdə fəaliyyət göstərir. (Azərbaycan)