«Forbes» şirkəti dünyanın ən böyük səhmdar şirkətlərini açıqlayıb. FED.az xəbər verir ki, siyahıya dünyanın 61 ölkəsindən 2000 şirkət daxil edilib.
FED.az xəbər verir ki, ənənəvi olaraq hər il açıqlanan siyahıda MDB ölkələrindən yalnız Qazaxıstan şirkətləri yer alıb. Qardaş Türkiyədən isə siyahıda 10 şirkət təmsil olunur.
Siyahıda əsas üstünlüyü ABŞ şirkətləri təşkil edir – 2000 şirkətin 3-də biri – 621 şirkət Amerika əsillidir.
Qeyd edək ki, «Global 2000» reytinqində dünyanın iri şirkətləri 4 göstərici üzrə qiymətləndirilir: satış həcmi, mənfəət, aktivlər və bazar dəyəri.
Siyahıya ardıcıl ikinci ildir ki, JPMorgan Chase başçılıq edir. Bu şirkətin bazar dəyəri 550 milyard dollor, aktivləri 4 trilyon dollardır. İkinci yeri Uorron Baffetin «Berkshire Hathaway» investisiya şirkəti tutur.
Bu ilin iqtisadi trendləri özünü siyahıda da göstərib. Süni intellekt üçün çip istehsal edən «Nvidia» şirkəti 3 trilyonluq bazar kapitallaşması ilə 100 pillə yüksəlib və 110-cu yerə çatıb. Məlumatların emalı mərkəzləri üçün serverlər istehsal edən «Super Micro Computer» şirkəti isə ilk dəfə siyahıya düşərək 856-cı yeri tutub.
Əvəzində koronavirus pandemiyasında sürətlə populyarlaşan peyvənd istehsalçıları «Pfizer» və «Moderna» budəfəki siyahıda geriləyib.
Ümumilikdə siyahıdakı şirkətlərin ümumi satış həcmi 51,7 trilyon dollar, gəlirləri 4,5 trilyon dollar, aktivləri 238 trilyon dollar, bazar dəyəri isə 88 trilyon dollar təşkil edir.