Azərbaycanda bəzi hallarda şirkətlərə fəaliyyət göstərmək və ləğv edilmək qadağan olunacaq. FED.az xəbər verir ki, bu qanunvericiliyə edilən sonu dəyişikliklərdə nəzərdə tutulub.
Nazirlər Kabineti «Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları»nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında» özünün 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, «Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları»nda şirkətlə bağlı məlumatlar arasında «məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi» sözləri əlavə edilib.
Başqa sözlə, Azərbaycanda məhkəmənin qərarı ilə şirkətlərə müəyyən sahələrdə fəaliyyət göstərmək qadağan edilə bilər. Bundan başqa, məhkəmə qərarı ilə şirkətin yenidən təşkil edilməsi və ya yaxud ləğv olunması da qadağan edilə bilər.
Oxşar tədbirlər Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərə də aid olacaq. Sözügedən qərara dəyişikliklərə əsasən, qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbiri, eləcə də hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi kimi tədbirlərin görülməsi yer alıb.