Yayın isti günlərində sərin kondisioner havası ilə dincələnlərin əksəriyyəti bilmir ki, bu qurğuların tarixi 18-ci əsrə gedib çıxır.
FED.az xəbər verir ki, vaxtilə dünya texnologiyasında inqilab sayılan kondisionerlər təkcə temperatura deyil, daşınmaz əmlak bazarına, biznesə, demoqrafiyaya, hətta seçkilərə də təsirini göstərib.
Hər dəqiqə 10 kondisioner satılır
Kondisionerlər yalnız insanların yayda sərinlənməsi, qışda isinməsi üçün deyil. Onlardan istehsalat prosesindən tutmuş, nüvə sınaqlarınadən müxtəlif sahələrdə istifadə edilir. «Sərinlik möcüzəsi»nin yaşayış massivlərinin salınması, əmlak bazarında da müstəsna rolu və xidməti var.
Hazırda dünyada 1 milyarda qədər kondisioner var. 2050-ci ilədək bu rəqəmin 5 milyarda çatacağı gözlənilir. Hazırda dünyada hər dəqiqə 10 kondisioner satılır.
Yelpiklərdən ventilyatora qədər
Hələ qədim zamanlardan insanlar isti-bürküdən qorunmaq üçün müxtəlif üsullardan istifadfə edirdilər. Bunlardan ən nəcibi və dövrümüzədək gəlib çatanı yelpiklərdir.
Eramızdan əvvəl II minilliyin əvvəlində Çin imperator saraylarında ortaya çıxan və yalnız imperator ailəsinin istifadə etdiyi yelpiklər üçün xüususi qaydalar vardı. İmperator ailəsinin üzləri qızıl, din xadimləri isə gümüş və fil sümüyündən hazırlanmış yelpik gəzdirərdilər. Və ən sadə - balmumu kağızından hazırlanan yelpikdən isə alimlər istifadə edə bilərdi.
Kredit götürmək üçün qeyri-adi girov
XVI əsrin ortalarında portuqaliyali tacirlərin Avropaya gətirdiyi yelpiklər burada zadigan ailələrində geniş yayıldı. Məsələn, Catherine de Medicinin 900-dən çox yelpiyi vardı və onların hər biri əsl sənət əsəri idi! Yelpik o qədər bahalıydı ki, həmin vaxtın ən görkəmli hersoqinyası, xanım Mantuanski Düşesi, bankdan kredit götürəndə sadəcə öz yelpiyini girov qoymuşdu...
Amma texnologiyanın inkişafı, mühərriklərin yaradılması bu sahəyə də təsirini göstərdi. 1735-ci ildə İngiltərə Parlamentinin binasında buxar mühərriki ilə hərəkət edən ilk mexaniki yelpik quraşdırıldı. Onun çalışması üçün yalnız su və kömür tələb olunurdu. Tezliklə bütün Avropada sürətlə yayılmağa başlayan bu cihaz bizim öyrəşdiyimiz adla - ventilyator adlanırdı.
Soyuq hava üçün «buz biznesi»
Soyuğa olan tələbat hətta buz biznesinə yol açmışdı. XIX əsrdə bu biznesə Bostondan olan sahibkar Frederik Tüdor başçılıq edirdi. Onu Amerikanın «buz kralı» adlandırırdılar. Hər qış onun işçiləri Amerikanın iri göllərindən böyük buz hissələri çıxarıb xüsusi taxta yeşiklərlə ətraf ölkələrə daşıyırdılar. Təbii ki, buzlar mənzilləri soyutmurdu, əvəzində ət və meyvəni xarab olmaqdan qoruyub saxlaya bilirdi.
Lomonosov və xəstələr üçün ilk süni buz
Ventilyatorun yaranmasında Rusiyanın töhfəsi olub. Kondisioner ideyasının əsl banisi rus alimi Mixail Lomonosovdur. Böyük alim hələ 1763-cü ildə, "Mədənlərdə havanın sərbəst hərəkəti” elmi əsərində "hava hərəkətinin nəzəriyyəsini” təsvir etmişdi və məhz bu nəzəriyyə kondisionerin yaranmasında ilk dönüş nöqtəsi oldu. Öz vətənində Lomonosovun bu nəzəriyyəsinıə əhəmiyyət verilməsə də, ventilyatordan bezən Avropa bu nəzəriyyədən böyük məıharətlə istifadə elədi.
1810-cu ildə London xəstəxanalarından birində ilk dəfə olaraq təbii ventilyatorun hesablanmış elmi sistemi tətbiq edildi. Amma məlum olmayan səbəbə görə, bu kəşfi ingilislər yox, fransızllar patentləşdirdilər. 1815-ci ildə fransız Jan Şabannes şəxsi metodu olan binaların kondisiyalaşmasını patentlədi. Həmin vaxt "condition” və "air” sözlərinin birləşməsindən «kondisioner» sözü yarandı. Lakin fransız ixtiraçısı otaqların soyudulmasının yalnız nəzəri metodunu hazırlaya bilmişdi.
Fransada patentin qeydiyyatı davam etdiyi bir vaxtda İngiltərədə elmi ideyalar aşıb daşırdı. Dahi ingilis fiziki, kimyaçısı və ixtiraçı Maykl Faradey həmin vaxt maddələrin vəziyyətini öyrənərək mayeni qaz halına və əksinə çevirirdi. Amiakı təcrübədə istifadə edərkən məlum oldu ki, bu maddə buxara çevrilərək istini udur. Kondisoner və soyuducunun ish prinsipi kəşf edildi, qaldı yalnız bunu həyata keçirəcək aqreqat yığmaq. Bütün dünyada sınaqlara başlandı və ilk dəfə buna ABŞ-da Con Qorri adlı həkim nail oldu. 1844-cü ildə süni buz yaradan maşını ixtira edən həkim havanı sərinləşdirməklə xəstəxanada qızdırmadan əziyyət çəkıən xəstələrin ağrısını yüngülləşdirməyə çalışırdı.
«Sərin mətbəə» əhvalatı və ilk kondisioner
Bizim öyrəşdiyimiz kondisionerin tarixi 1900-cu illərin əvvəlində Bruklindəki «Sackett & Wilhelms» mətbəəsindən başlayır. Həmin vaxt mətbəənin işləri pis gedirdi. Burada çap olunan jurnallar gah nəmişlikdən şişir, gah da tez quruyub keyfiyyətini itirirdi. Bunun qarşısını almaq üçün jurnallara rəng yknidən vurulsa da, şəkillər keyfiyyətsiz çıxır və mətbəəni zərərə salırdı.
1902-ci ildə mətbəə sahibləri problemi həll etmək üçün istilik və ventilyasiya sistemləri quran «Buffalo Forge» şirkətinə müraciət etdilərö Burada da həmin iş Kornel universitetinin məzunu 25 yaşlı Uillis Kerrierə həvalə edildi. Kasıblıqla dolanan və ayda cəmi 10 dollara işləyən gənc mühəndis-mexanik işə həvəslə girişdi və bir neçə gündən sonra gələcək kondisionerin sxemini hazırladı.
Jürnallardan çox işçilərə sərf eləyən yenilik
Bruklin mətbəəsində quraşdırılan apparat gətirdiyi sərinliklə işçiləri heyran etdi. Çünki mətbəədə iş üçün rahat temperatur vardı. Doğrudur, kondisioneri mətbəə işçilərinin sərinləməsi üçün deyil, havadakı nəmi azaltmaq üçün quraşdırmışdılar. Amma havanı sərinləşdirməsi işə daha böyük təsir etdi - işçilər daha az yorulmağa, dövriyyə artmağa başladı.
Mətbəəni müflisləşmədən xilas etmək mümkün oldu. Kerriyer isə sürətlə məşhurlaşaraq «Buffalo Forge»nin rəhbərinə çevrildi. 1915-ci ildə isə o öz şirkətini «Carrier Engineering Corporation»u yaratdı. Bu şirkət hotellər, univermaqlar, teatrlar və evlərə sərinləşdirici sistemlər quraşdırırdı. «Carrier»in ilk iri müştəriləri arasında ABŞ Konqresi, Ağ Ev və Nyu-Yorkdakı Medison-Skver-Qarden idman kompleksi vardı.
Yeri gəlmişkən, Uillisin adını daşıyan "Carrier” şirkəti bu gün də dünyanın bir çox ölkələrində kondisioner istehsal edir.
Teatrlar, univermaqlar və göydələnlər
«Sərin mətbəə» əhvalatından 20 il sonra kondisionerlər insan həyatına daxil oldu. Tezliklə ictimai yerlərdə və evlərdə bu aparatların quraşdırılmasına başlandı.
Teatrlarda kondisionerlər quraşdırılan kimi insanlar buraya axışdı, onlar yayda da işləməyə başladılar. Zaldakı sərinlik tamaşaçıları aktyaorlar qədər cəlb edirdi, bəziləri hətta buraya sadəcə sərinləmək üçün gəlirdi. Bu məsələdə teatrlarla yalnız univermaqlar rəqabət apara bilərdilər. 1924-cü ildə Detroytun iri univermaqlarından birində kondisioner sistemi quruldu. İnsanlar buraya elə axışdılar ki, əgər univermağa girişi pullu etsəydilər onun sahibi Rkfellerdən də varlı ola bilərdi. Amma elə bunsuz da univermaq gündəlik dövriyyəsini 3 dəfə artırdı. Adamlar sadəcə kondisionerin necə işləməsinə baxmaq üçün gəlsələr də sonradan ticarətə aludə olub evlərinə əlləri dolu gedirdilər.
Kondisionerlər Amerika binalarının qiyafəsini də dəyişdi. Onların sayəsində şüşə binaların tikintisi mümkün oldu. Halbuki kondisioner kəşf edilənə qədər memarlar binanı layihələndirəndə, buradakı insanların istidən qorunması üçün baş sındırır, hökmən günəş tutmayan yerə pəncərə qoymalı olurdular.
Sərin dövrlər və kondisioner «yarışı»
Öz quruluşuna görə müasir kondisionerləri xatırladan soyuducu aparatlar - ilk otaq kondisionerləri - ilk dəfə 1929-cu ildə "General Electric” firması tərəfindən istehsal olunub satışa çıxarıldı.
Hazırkı kondisionerlərin əcdadı 1929-cu ildə «General Electric» tərəfindən buraxılan otaq kondisionerləri oldu. Amma bu cihazlarda soyuq yaradan maddə kimi ammiak istifadə edildiyinə və bu maddə insan sağlamlığı üçün təhlükəli olduğuna görə, kondisionerlərin kompressor və kondensatoru küçəyə çıxarılırdı. Yəni bu cihazlar bizim hazırda adət etdiyimiz split-kondisionerlərini xatırladırdı. Amma 1931-ci ildə insan orqanizmi üçün zərərsiz olan soyuducu qaz – freon kəşf edildi və kondisionerlərin bütün qurğuları bir korpusa yerləşdirildi. İlk ilk pəncərə kondisionerləri belə yarandı.
İlk avtomobil kondisioneri isə «S & S Kelvinator Co» şirkəti tərəfindən 1930-cu ildə yaradılmışdı və 370 Vt gücündə idi. Bu kondisioner ən prestijli amerikan avtomobil markasında - Kadillakda quraşdırılmışdı.
Amerika Birləşmiş Ştatları uzun müddət kondisionerlərin istehsalında lider oldu. İkinci Dünya müharibəsindən sonra ABŞ-da bu maşınların istehsalı xüsusilə artmışdı və Avropaya da ixrac edilirdi. Çünki İkinci Dünya müharibəsi zamanı dağıdılmış ərazilərdə kondisionerləri istehsal etmək üçün yer yox idi. Amerika monopolistləri hakim mövqeyindən istifadə edərək, qiymətləri dərhal qaldırıb öz kondisionerlərini bahalı zövqlərə çevirdilır.
Sərinlik bazarında «yapon küləyi»
Belə məqamda yenilənən Yaponiya Avropa bazarına girə bildi. Yaponiyanın «Toshiba» və «Daikin» firmalarının məhsulları daha ucuz və mükəmməl oldu. Üstəlik, Yaponiya öz zavodlarını Avropada tikməklə (məsələn, Ostend, Daikin zavodu, Belçika) kondisionerləri daha əlçatan etdi. Tədricən bu, yapon məhsullarına tələbatın artması və liderin dəyişməsinə gətirib çıxartdı. Amerikanı ələ keçirdikdən sonra Yapon istehsalçıları öz aralarında kondisioner bazarında rəqabət etməyə başladılar, eyni zamanda məhsullarını təkmilləşdirdilər.
50-ci illərin sonu 60-cı illərin əvvəllərində isə kondisionerlə bağlı yeniliklər üzrə təşəbbüs yapon şirkətlərinə keçdi. 1958-ci ildə Yaponiyanın Daikin şirkəti ilk dəfə olaraq istilik nasosu ixtira etdi və nəticədə kondisionerlər otaqları təkcə soyutmaq deyil, həm də qızdırmağa başladılar.
Bundan 3 il sonra isə məişət və sənaye kondisionerlərinin tarixində mühüm hadisə baş verdi – split kondisionerləri yaradıldı. 1961-ci ildə etibarən digər yapon şirkəti - «Toshiba» iki hissədən ibarət olan split kondisionerlərinin geniş istehsalına başladı.
Bununla da kondisionerin ən səs-küylü hissəsi – kompressor bayıra çıxarıldığına görə, kondisioner olan otaqlar və ofislərdə sakitlik yarandı. Split kondisionerlərin digər böyük üstünlüyü onu istənidən yerdə quraşdırma imkanı idi – yalnız pəncərələrdə quraşdırıla bilən pəncərə kondisionerlərindən fərqli olaraq split sistemləri istənilən yerdə yerləşdirmək mümkün idi. Bu yenilik, ofisdə və evdə sərin havanı daha yaxşı bölüşdürməyə imkan verdi.
Bakıda ilk sovet kondisioneri
Maraqlıdır ki, sovet dövründə ilk kondisioner 1975-ci ildə məhz Bakıda istehsal olunub. Bu kondisionerlər ilk dəfə yapon texnologiyası ilə "BK” adı ilə paytaxtımızda, Yaponiyanın "Hitachi” firmasının dəstəyi ilə satışa çıxarılıb. Onların yalnız bir versiyası ilə hazırlansa da, istidən əziyyət çəkən sovet vətəndaşları üçün təzə bir hava idi. "BK” bütün SSRİ-nin təkrarolunmaz və yeganə kondisioneri hesab olunurdu. Səs-küylü və eyni zamanda da bahalı (350 rubl dəyərində!) olmasına baxmayaraq bu kondisioner Sovet İttifaqında çox məşhur idi – çünki bazarda rəqibi yox idi. Bu kondisionerlər Bakıdan təkcə Sovet İttifaqına deyil, sosialist ölkələrə, Kubaya, hətta Avstraliyaya da ixrac edilirdi. Onları indi də bəzi evlərin pəncərələrində görmək mümkündür.
Yeri gəlmişkən, daha əlverişli split kondisionerlərinin yaranmasına baxmayaraq ABŞ, Latın Amerikası ölkələri, Yaxın Şərq və Hindistanda pəncərə kondisionerləri indi də geniş istifadə olunur. Səbəbi onların split kondisionerlərdən ikiqat ucuz olması, eləcə də onların montajının sadəliyi və motaj üsün bahalı avadanlığın tələb olunmamasıdır. Amma belə kondisionerlərin çatışmazlıqları göz qabağındadır. Bunlar yüksək səs-küy, vibrasiya, binanın xarici görünüşünün pozulması və pəncərənin korlanmasıdır.
1981-ci ildə isə kondisionerlərin tarixində əhəmiyyətli hadisə baş verdi - «Toshiba» kondisionerə öz gücünü tənzimləyən sistem quraşdırdı - ilk invertor tipli kondisioner ortaya çıxdı. Həmin sistemin sayəsində indi biz kondisioneri hansısa temperatura kökdəyə bilirik – temperatur həmin həddə çatanda kondisioner dayanır. Bu həm soyuğu idarə etməyə. Həm də enerjiyə qənaətə imkan verdi. Artıq 1998-i ildə Yaponiya bazarının 98%-i belə kondisionerlərdən ibarət idi.
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi?
Qlobal istililəşmə dövründə müasir dünyanı kondisionersiz təsəvvür etmək qeyri mümkündür. Məhz bu qurğuların sayəsində cəmi 100 il əvvəl yaşamaq üçün əlverişsiz sayılan ərazilərdə həyat başlayıb. Susuz, qızmar səhralar nəinki məskunlaşır, hətta dünyanın ticarət mərkəzlərinə çevrilir. Birləşmiş Ərəb Əmirlikləti və Azad İqtisadi Zona kimi yaradılan Dubay məhz kondisionerin hesabına belə populyar ola bilib. İlin istənilən fəslində bu şəhərdə kondisionersiz ötüşmək qeyri mümkündür. Hətta küçələrdə quraşdırılan avtobus dayanacaqları belə qapalıdır və kondisionerlə çalışır. İndi bu ölkə kondisionerin misilsiz xidmətinə güvənib dünyada daha bir ilkə imza atır. İlk dəfə olaraq Dubayda üstüörtülü şəhərin tikintisinə başlanacaq. Şəhərin ümumi ərazisi 4-5 milyon kvm olacaq. Şəhərin bütün infrastruktur obyektləri bir biriylə 7 km uzunluğunda olan küçələrlə birləşəcək. Komfortlu temperatur rejimi üçün isə şəhərin üzəri şəffaf günbəzlərlə örtüləcək. Günbəzli şəhərin salınmasıyla dünyanın ən böyük ticarət mərkəzi yaradılacaq. Küçələr mağazalarla, kafe və restoranlarla dolu olacaq. Bu şəhəri ziyarət edənlər isəı küçə istisındən qorunacaq. Mini şəhərin səması yay mövsümündə iyun ayıından sentyabradək günbəzlə bağlanacaq, qış mövsümündə isə açılacaq. Hər il bu şəhərə 180 milyon nəfərin gələcəyi gözlənilir.
Dubayda artıq dünyanın ən hündür göydələni, əsrarəngiz dağ xizəyi kurortu, səhranın tən ortasında yaradılmış dünyanın ən böyük gül bağı var. Və bütün bunlar əlbəttə ki, kondisionerin hesabına mümkün olub.
Sərin hava və ABŞ-da prezident seçkiləri
Kondisionerlər ABŞ-dakı demoqrafik vəziyyəti də dəyişdi. Kaliforniyadan Floridayadək uzanan «Günəşli zolaq» boyunca şəhərlərdə, hansı ki, insanlar boğucu istidən əziyyət çəkirdilər, kondisionerin kəşfindən sonra əhali artmağa başladı. İnsanlar başa düşdülər ki, kondisionerlərin sayəsində onlar cənub şəhərlərində komfortlu yaşaya bilərlər. İnsanların ABŞ-ın şimalından cənubuna miqrasiyası, o cümlədən konservator-pensiyaçıların cənuba axışması ABŞ-da siyasi proseslər də təsir etdi. Belə ki, bəzi tarixçilər hesab edir ki, Kaliforniya qubernatoru Ronald Reyqan 1980-ci ildə məhz cənubdakı konservativ sakinlərin səslərinin həlledici təsiri ilə prezident seçilə bildi. Yeri gəlmişkən, həmin vaxt dünyadakı kondisionerlərin yarıdan çoxu məhz Şimali Amerikada quraşdırılmışdı.